Səhlənkarlıqdan faciəyə: ölkəmizdə zəhərlənmə halları niyə artıb?
Zəhərlənmə halları cəmiyyətin sağlamlığı və təhlükəsizliyi baxımından olduqca aktual və ciddi problemlərdən biridir.
Müasir dövrdə texnologiyanın inkişafı və məişət şəraitinin dəyişməsi ilə yanaşı, müxtəlif risk faktorları da artmaqdadır. İnsanlar gündəlik həyatlarında fərqinə varmadan bir çox təhlükəli mənbələrlə təmasda olurlar.
Qida məhsullarının düzgün saxlanmaması, dərman vasitələrinin nəzarətsiz istifadəsi və qaz avadanlıqlarının texniki nasazlığı bu risklərin əsas səbəblərindəndir.
Xüsusilə, son illərdə ölkəmizdə dəm qazından zəhərlənmə halları daha çox müşahidə olunur və bu hallar çox zaman ağır, hətta ölümcül nəticələrlə yekunlaşır.
Bu cür hadisələr həm ailələr, həm də bütövlükdə cəmiyyət üçün böyük faciəyə çevrilir. Problemin kökündə isə əksər hallarda səhlənkarlıq, təhlükəsizlik qaydalarına əməl olunmaması və maarifləndirmə çatışmazlığı dayanır.
Digər tərəfdən, dərman preparatlarının düzgün istifadə edilməməsi və ya vaxtı keçmiş vasitələrin qəbulu da sağlamlıq üçün ciddi təhlükə yaradır. Bəzən isə psixoloji amillər zəhərlənmə hallarının baş verməsində mühüm rol oynayır.
Bütün bunlar göstərir ki, zəhərlənmə mövzusu yalnız tibbi deyil, həm də sosial, texniki və psixoloji aspektləri əhatə edən geniş və çoxşaxəli bir problemdir.
Mövzu ilə bağlı səhiyyə eksperti Şahvələd Məmmədov Crossmedia.az-a açıqlama verib.

"Zəhərlənmə mövzusu əslində çox böyük bir mövzudur. Müxtəlif növ zəhərlənmələr var: qida zəhərlənmələri, dəm qazı zəhərlənmələri, dərman zəhərlənmələri. Əlbəttə ki, bunlar arzuolunan hallar deyil."
Ekspert son günlərdə zəhərlənmə hallarının arasında dəm qazından zəhərlənmənin daha çox olduğunu, əksər hallarda bunun ölümlə nəticələndiyini bildirib.
"Bu da ehtiyatsızlıqdan, texniki nasazlıqdan və kustar üsulla quraşdırılmış qurğulardan ola bilər" - deyə o, bildirib.
Həkim onu da qeyd edib ki, vətəndaşlar bəzən vaxtı keçmiş dərman vasitələrindən istifadə etdikləri üçün klinikalara müraciət edirlər.
"Burada kimyəvi faktorlar da var. Çünki, bəzən insanlar müxtəlif dərman vasitələrini istifadə edərək, canlarına qəsd etmək istəyirlər. Bu kimi hallar insan psixologiyasından asılı olan məsələlədir.
Digər tərəfdən mən hesab edirəm ki, bunların qarşısını almaq üçün reseptsiz ağrıkəsici və antibiotiklərin satışına ciddi qadağalar və məhdudiyyətlər tətbiq olunmalıdır.
Təcrübədə görünən haldır ki, pasiyent diklofenat dərmanını yalnış istifadə edib və anaflaftik şokdan dünyasını dünyasını dəyişib" - deyə həkim əlavə edib.
Turqut Ansari
15:49 04.03.2026
Oxunuş sayı: 20529