Azərbaycanda turistlərə ev yeməyi satmağa şərait yaradılacaq
İnsanlar öz evlərində yemək hazırlayaraq turistlərə təqdim edə biləcəklər.
Crossmedia.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Milli Məclisinin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova keçirilən ictimai dinləmədə səsləndirilib.
Qeyd olunub ki, əsas hədəflərdən biri qastronomiya turizminin inkişafıdır. Azərbaycanın regionda fərqləndirici üstünlüklərindən biri zəngin milli mətbəxidir. Bu istiqamətdə bir neçə paralel fəaliyyət həyata keçirilir. Xüsusilə qastronomiya sahəsinin ali təhsil səviyyəsində tədrisinin təşkili məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə iş aparılır.
Bununla yanaşı, regionlarda icma əsaslı turizmin inkişafı çərçivəsində vətəndaşların öz evlərini qonaq evi kimi fəaliyyət göstərməsi, eləcə də ev şəraitində hazırladıqları milli yeməkləri turistlərə təqdim etməsi üçün müvafiq mexanizmlər üzərində iş gedir.
Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq “Millidadlar.az” portalı istifadəyə verilib. Portalda Azərbaycan qastronomiyasına dair 400-dən artıq resept toplanıb və onların hazırlanma qaydaları sistemləşdirilərək nəşrlərdə əks olunub.
Bundan əlavə, Akademiya ilə birgə qədim Azərbaycan milli mətbəxinin tarixini araşdıran kitabların xarici dillərə tərcüməsinə başlanılıb. Bu materialların da mərhələli şəkildə həmin portalda yerləşdirilməsi nəzərdə tutulur.
18:06 27.02.2026
Oxunuş sayı: 641