Novruz tonqalında hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?
Novruz bayramı ərəfəsində tonqal qalamaq və onun üzərindən tullanmaq ənənəsi geniş qeyd olunsa da, hər il ehtiyatsızlıq səbəbindən müxtəlif xəsarət və bədbəxt hadisələr qeydə alınır. Bir neçə gün əvvəl, Novruz çərşənbəsində Gəncədə tonqala yıxılan yeniyetmənin xəstəxanaya yerləşdirilməsi də bu mövzuda təhlükəsizlik məsələlərinin aktuallığını bir daha gündəmə gətirir. Bayram sevincinin xoşagəlməz hallarla kölgələnməməsi üçün tonqalın düzgün qurulması, ətraf mühit və insanların təhlükəsizliyinin qorunması, xüsusilə azyaşlıların nəzarətsiz qalmaması kimi qaydalara ciddi əməl olunması vacibdir. Məhz bu baxımdan Novruz bayramında hansı təhlükəsizlik tədbirlərinə riayət edilməli olduğu məsələsi xüsusi diqqət tələb edir.

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Crossmedia.az-a açıqlama verib: "Ümumiyyətlə, tonqal qalanarkən və onun üzərindən atlanarkən təhlükəsizlik məsələsinə ciddi diqqət yetirilməlidir. Tonqalın qalınacağı yer düzgün seçilməli, tez alışan və alovlanan materiallardan uzaq ərazidə qurulmalıdır. Həmçinin tonqal yaşayış evlərindən və nəqliyyat vasitələrindən müəyyən məsafədə qalanmalı, yüksək gərginlikli elektrik xətlərinin altında yandırılmamalıdır".
Ekspert əlavə edib ki, tonqal ətrafında azyaşlıların, körpələrin və yaşlı insanların, eləcə də səhhətində müəyyən narahatlıqları olan şəxslərin olması nəzərə alınaraq təhlükəsizlik qaydalarına mütləq riayət edilməlidir: "Tonqal üzərindən atlanarkən isə proses növbəlilik prinsipi əsasında təşkil olunmalıdır ki, kiminsə toqquşaraq və ya yıxılaraq alova düşmə ehtimalı yaranmasın".
Ayhan
11:41 26.02.2026
Oxunuş sayı: 641