İşə gecikənlərin diqqətinə: maaşdan tutulma hansı hallarda tətbiq oluna bilər?
Azərbaycan qanunvericiliyinə görə, işə gecikmək əmək və icra intizamının pozulması kimi qiymətləndirilir. İş yerlərində intizamın qorunması və əmək prosesinin nizama salınması məqsədilə tərəflərin qarşılıqlı öhdəlikləri kollektiv müqavilələrdə nəzərdə tutulur.
Bu çərçivədə, işə gecikən əməkdaşlara qarşı müxtəlif intizam tədbirləri görülə bilər, o cümlədən maaşdan müəyyən məbləğin tutulması kimi tədbirlər tətbiq olunur.
Həmçinin, işə davamiyyətin təmin edilməsi üçün rəhbərlik və işçilər arasında aydın qaydalar müəyyən edilir ki, əmək münasibətlərində həm nizam-intizam, həm də ədalət qorunsun. Bu yanaşma iş yerlərində məhsuldarlığın artırılması və əməkdaşların məsuliyyət hissinin gücləndirilməsi məqsədinə xidmət edir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu barədə Crossmedia.az-a açıqlama verib:

"Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusilə Azərbaycan Respublikasının Əmək Məcəlləsi-nə əsasən işə gecikmə əmək və icra intizamının pozulması hesab edilir və işəgötürən tərəfindən intizam tədbirlərinin tətbiqinə səbəb ola bilər. Bu cür halların sosial-iqtisadi və rifaha təsiri həm müəssisə, həm də cəmiyyət səviyyəsində özünü göstərə bilər.
İşçilərin davamlı gecikməsi əmək məhsuldarlığının azalmasına, iş prosesinin pozulmasına və ümumi nəticələrin zəifləməsinə səbəb olur. Bu isə müəssisənin gəlirlərinə mənfi təsir göstərərək əməkhaqqı artımlarının, mükafatların və sosial təminat imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər.
Nəticədə həm işçinin şəxsi rifahı, həm də kollektivin ümumi sosial vəziyyəti zəifləyə bilər.
Digər tərəfdən, intizam tədbirlərinin ədalətli və qanunauyğun tətbiqi əmək intizamını möhkəmləndirir, məsuliyyət hissini artırır və iş mühitində nizam-intizam yaradır. Bu da məhsuldarlığın artmasına, iqtisadi göstəricilərin yaxşılaşmasına və dolayısı ilə rifah səviyyəsinin yüksəlməsinə müsbət təsir edir.
Lakin tədbirlərin həddindən artıq sərt və ya qeyri-obyektiv tətbiqi işçilərdə narazılıq, motivasiya azalması və psixoloji gərginlik yarada bilər ki, bu da uzunmüddətli perspektivdə sosial sabitliyə və iqtisadi səmərəliliyə mənfi təsir göstərə bilər".
Beləliklə, iqtisadçı işə gecikməyə görə tətbiq olunan intizam tədbirlərinin sosial-iqtisadi təsiri onların necə və hansı balansla tətbiq olunmasından birbaşa asılı olduğunu vurğulayıb.
Fatimə Məmmədova
11:51 25.02.2026
Oxunuş sayı: 664