“Bülleten pulu”nda tarixi dəyişiklik: Xəstəlikdə gəlir itkisi TAM KOMPENSASİYA OLUNACAQ
Artıq xəstəlik zamanı “bülleten pulu” hər kəs üçün tam 100% ödəniləcək – qısa və uzun staj fərqi aradan qaldırılır.
Yeni qaydalar əmək haqqını rəsmi göstərməyən işəgötürənlərə isə ciddi mesaj göndərir: xəstəlik müavinətləri yalnız faktiki sosial sığorta ödənişləri əsasında hesablanacaq.
Bu, həm işçilər üçün tam kompensasiya, həm də rəsmi əmək münasibətlərinin təşviqi deməkdir. Sistemdəki bu yenilik həm sosial, həm də texniki baxımdan daha ədalətli və şəffaf bir dövrün başlanğıcı sayıla bilər.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, vergi, audit ve mühasibat üzrə ekspert Şamxal Kərimov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, yerli qanunvericilikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, dəfn, hamiləliyə və doğuma, uşağın anadan olmasına və 3 yaşınadək uşağa qulluğa görə sosial sığorta ödəmələri nəzərdə tutulur:

"Bunlardan biri olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sosial sığorta müavinəti (ictimaiyyət arasında “bülleten pulu” kimi tanınır) sosial təminat sisteminin mühüm elementlərindən biridir.
Ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilən bu mexanizm əmək münasibətlərinin rəsmi xarakterini və sosial sığorta ödənişlərinin real səviyyəsini birbaşa əks etdirir.
2026-cı ildə Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişiklik edildi.
Yeni redaksiyaya əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət artıq əmək qabiliyyətinin itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə sığortaolunan üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının dörd mislindən çıxış etməklə müəyyən edilir (maddə 2.7).
Bu dəyişiklik hesablamanı faktiki sosial sığorta ödəniş bazasına daha sıx bağlayır. Əvvəlki yanaşmada müavinətin məbləği əmək qabiliyyətini müvəqqəti itirildiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı üzrə əldə etdiyi qazancın məbləğindən asılı olaraq müəyyən edilirdi və əsas götürülən qazanc meyarı artıq sosial sığorta ödənişlərinin real həcmi ilə əvəz olunur.
Bu isə sistemin daha şəffaf və formal əmək münasibətlərinə bağlı şəkildə işləməsinə xidmət edir. Eyni zamanda hesablamaların iş günləri üzrə deyil, təqvim günləri üzrə aparılması prinsipi tətbiq olunur. Bu mexanizm xüsusilə qısa müddətli xəstəlik hallarında müavinətin məbləğinin formalaşmasına təsir göstərə bilər.
Müavinətin ilk 14 təqvim gününə düşən hissəsi işəgötürən tərəfindən, 14 gündən artıq olan hissəsi isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Bu bölgü əvvəlki qaydada olduğu kimi saxlanılmışdır. Sözügedən müavinət Səhiyyə Nazirliyinin elektron sistemindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin MEİS sisteminə ötürülən xəstəlik vərəqəsinə aid məlumatlara əsasən hesablanır.
Müavinətin məbləği qanunvericilikdə müəyyən edilmiş limitlər çərçivəsində hesablanır və maksimum hədlərlə məhdudlaşdırılır. Belə ki, müavinətin məbləği aylıq vəzifə maaşının 2 qatından və ya minimum pensiya məbləğinin 25 mislindən çox ola bilməz.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləğinin sosial sığorta stajından asılı olaraq diferensial qaydada müəyyən edilməsi uzun müddət tətbiq edilmiş mexanizm idi.
Belə ki, 8 ilə qədər sığorta stajı olan şəxslər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin 60%-ini, 8 ildən 12 ilə qədər stajı olanlar 80%-ini, 12 ildən yuxarı və yerli qanunvericiliklə müəyyən edilmiş kateqoriyaya uyğun gələn şəxslər isə 100%-i miqdarında əldə edə bilirdilər. Bu o demək idi ki, bəzi işçilər “bülleten pulu”nu tam həcmdə əldə etmirdilər.
Yeni dəyişikliklər çərçivəsində bu yanaşmanın yenidən nəzərdən keçirilməsi və stajdan asılı fərqlərin aradan qaldırılması istiqamətində addımlar planlaşdırılıb.
2026-cı ilin may ayından etibarən uzun və qısa sığorta stajı olan işçilər arasındakı fərq aradan qaldırılacaq və əməkdaşların sığorta stajından asılı olmayaraq (8 ilə qədər, 8-12 il aralığı və 12 ildən yuxarı) hesablanan müavinətlər 100% miqdarında ödənilməsi nəzərdə tutulur. Hər hansı statusdan asılı olmadan xəstəlik dövründəki gəlir itkisi tam kompensasiya ediləcək".
Ekspert, həmçinin, yeni modelin təsirlərindən də danışıb:
"Yeni modelin ən mühüm təsiri ondan ibarətdir ki, müavinət birbaşa sosial sığorta ödənişlərinin faktiki məbləğinə bağlanır. Əgər əmək haqqı rəsmi şəkildə aşağı göstərilirsə və sosial sığorta ödənişi minimum səviyyədə aparılırsa, xəstəlik müavinəti də müvafiq olaraq aşağı hesablanacaq. Bu dəyişiklik qeyri-rəsmi əmək haqqı praktikalarına qarşı dolayı təsir mexanizmi formalaşdırır.
Digər tərəfdən, təqvim günləri üzrə hesablamaya keçid müavinətin məbləğinin formalaşmasında daha vahid yanaşma yaradır və sistemin texniki baxımdan sadələşdirilməsinə xidmət edir.
Bu dəyişikliklər sosial sığorta sistemində real əmək haqqı bəyanının əhəmiyyətini daha da artırır. Xəstəlik vərəqəsi üzrə müavinətin hesablanması qaydasında edilən dəyişiklik fiskal məqsədli addım kimi deyil, sosial sığorta sisteminin struktur yenilənməsi kimi qiymətləndirilməlidir. Sistem daha çox rəsmi əmək münasibətlərini və real sosial sığorta ödənişlərini təşviq edir. Lakin yeni mexanizmin düzgün tətbiqi üçün işəgötürənlərin və işçilərin hesablanma prinsiplərini dəqiq anlaması və planlaşdırmanı bu qaydalar əsasında aparması vacib olacaq".
Fatimə Məmmədova
14:31 23.02.2026
Oxunuş sayı: 773