KARTLA DİLƏNÇİLİK ŞOKU: “Kömək” adı altında yeni fırıldaq – Ramazan da fürsətə çevrilir
Son vaxtlar paytaxtın müxtəlif ərazilərində baş verən hadisələr bir sualı aktuallaşdırır: görəsən, yardım istəmək adı altında insanları aldatmaq halları niyə artıb? Sosial şəbəkələrdə paylaşılan real hekayələr göstərir ki, artıq “kömək edin” cümləsi əvvəlki kimi sadə və məsum qəbul edilmir.
Bir vətəndaş yazır ki, nahar fasiləsində küçədə yaşlı bir kişi ona yaxınlaşaraq kömək istəyib. Üzərində nəğd pul olmadığını deyəndə isə kişi kart nömrəsini uzadaraq “kartıma ata bilərsən” deyib. O, pulu göndərsə də, sonradan bunun arxasında başqa məqsəd – hətta narkotik asılılığı ola biləcəyindən narahat olduğunu bildirib.
Digər bir paylaşımda şəhərin müxtəlif yerlərində eyni rusdilli qadının insanlara yaxınlaşıb pul istədiyi qeyd olunur. Nəğd olmadığını eşidəndə isə kart nömrəsi təklif olunur. Vətəndaş bu təklifdən imtina etdiyini və tanımadığı şəxsin bank hesabına pul köçürməyin riskli olduğunu vurğulayır.
Başqa bir nümunədə isə şəhər mərkəzində, xüsusilə dövlət qurumlarının ətrafında tez-tez “ürəyini tutub çarəsiz qalmış rayon sakini” obrazını canlandıran bir şəxsdən bəhs edilir. Ətrafdakılar təşvişə düşür, su və pul verirlər. Lakin həmin şəxs növbəti günlərdə eyni ssenarini təkrarlayır.
Ən diqqət çəkən hadisələrdən biri isə nüfuzlu otellərdən birinin qarşısında yaşanıb. Yaxşı geyimli, səliqəli və özünə inamlı bir gənc gülümsəyərək yaxınlaşıb və rus dilində “üzərinizdə 2 manat olmaz?” deyə müraciət edib. Məqsəd sanki “mən dilənçi deyiləm, sadəcə xırda məbləğ lazımdır” təəssüratı yaratmaq olub.
Oxşar hal 28 May ərazisində də qeydə alınıb. Özünü mədəni və abırlı təqdim edən bir xanım pul kisəsini itirdiyini, rayona qayıtmaq üçün yolpulu lazım olduğunu deyib. Vətəndaş kömək edib, lakin bir neçə gün sonra eyni şəxslə eyni ssenari ilə yenidən qarşılaşıb.
Bu kimi paylaşımlar göstərir ki, artıq yardım istəmə forması da “müasirləşib” – nəğd pul yoxdursa, kart köçürməsi təklif olunur, emosional təsir üçün müxtəlif rollar seçilir. Cəmiyyətdə isə həm mərhəmət hissi, həm də şübhə paralel şəkildə artır.
Crossmedia.az-a danışan sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov bu halların tək Azərbaycanda deyil, dünyanın çox yerində artmasını vurğulayıb:

"Günümüzdə bəzi insanların zəkaları artdığı kimi, bu tipli insanların da yanaşma metodları dəyişir. Sosial media platformalarının maarifçilik amilləri bu tip insanlara da təsir edir. Belə ki, onlar da yeni metodlar seçirlər. Bütün bunlar qanuna zidd hərəkətlərdir. Eyni zamanda insanların rahatlığını pozmaq məqsədi daşıyır.
Xüsusən marketlərdə bu hallara rast gəlinir. Bu vəziyyətin nəticəsi olması, nədən qaynaqlanması odur ki, bir çox insanlar həqiqətən ehtiyac duyur. Lakin bəzi insanlar artıq buna adət ediblər. Ehtiyac içərisində olarkən yaxınlaşıb kömək istəmək qorxulu deyil, lakin adətə çevirmək o deməkdir ki, bu gün o elədi, sabah da başqası təkrar edəcək.
Ona görə də vətəndaşlar bu kimi insanlara münasibətdə bir az soyuqqanlı olmalıdırlar. Digərlərinin qarşısında özünü yaxşı göstərmək üçün onları dərhal alçaltmaq "adət"in yayılması tendensiyası daşıya bilər. İnsanlar asan yollarla nə isə əldə etmək metodlarını hər zaman axtarırlar".
Sosioloq həmçinin ramazan ayını fürsət kimi istifadə edən insanları da qeyd edib:
"Orucluq ayında da insanlara yaxınlaşıb müəyyən miqdarda vəsait əldə etmək üçün müraciət edən şəxslər də artır. Bunun üçün də insanlar soyuqqanlı olmalıdır. Bununla da qeyd olunan hallar azala bilər".
Fatimə Məmmədova
16:43 24.02.2026
Oxunuş sayı: 493