Qandan, saç tükündən hədiyyə düzəldilir: Bu davranışlar göstərir ki...
Son illərdə sosial şəbəkələr təkcə ünsiyyət və məlumat mübadiləsi məkanı olmaqdan çıxaraq, eyni zamanda insan davranışlarını formalaşdıran güclü psixoloji təsir vasitəsinə çevrilib. Xüsusilə “trend” adlanan axınlar qısa müddətdə milyonlarla insanın gündəlik seçimlərinə təsir göstərir, normal hesab edilən anlayışların sərhədlərini dəyişir və bəzən cəmiyyətdə ciddi suallar doğuran yeni davranış modelləri yaradır.
Bu kontekstdə son zamanlar müşahidə olunan qeyri-adi və bir o qədər də mübahisəli bir dəb diqqət çəkir. İnsanlar sevdikləri şəxslərə sədaqətlərini sübut etmək üçün öz saçlarından, qanlarından, hətta vəfat etmiş yaxınlarının məzar torpağından hazırlanmış aksesuarlar, təsbehlər və boyunbağılar hədiyyə edirlər. Bu hal təkcə fərdi seçim məsələsi deyil, həm də dəyərlər sistemimizin hansı istiqamətdə dəyişdiyini göstərən ciddi bir sosial göstəricidir.
Məsələ ilə bağlı sosioloq Əhməd Rəhmanov da Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Son günlər internetdə çox maraqlı və eyni zamanda düşündürücü məlumatlara rast gəlirik. Məsələn, bəzi ölkələrdə insanlar öz saçından, qanından, hətta sümüyündən “hədiyyə” hazırlayaraq bunu sevgilisinə təqdim edirlər. Bu cür nümunələr göstərir ki, Sevgililər Günü adı altında bəzən sağlam düşüncə sərhədləri aşılır.
Təəssüf ki, cəmiyyətdə emosiyalarına nəzarət edə bilməyən, düşünmədən hərəkət edən insanlar da az deyil. Məsələn, bir insanın gündəlik tələbatını tam ödəyən, münasib qiymətə telefon almaq imkanı olduğu halda, o, ehtiyacından qat-qat baha olan modeli seçir. Halbuki həmin vəsaitlə ailəsinin və ya özünün bir çox real ehtiyacını qarşılaya bilərdi.
Bu tip davranışlar təsadüfi deyil. Çünki bu “zəifliklərdən” istifadə edən böyük bir kommersiya mexanizmi mövcuddur. Bir vaxtlar deyilmiş bir fikir var: “Əgər dünyada sadəlövh insanlar olmasaydı, yaltaqlar ac qalardı.”
Bu gün bir çox bayram və xüsusi günlər də məhz bu məntiq üzərində qurulub. Əsas məqsəd sevgi, hörmət və ya diqqət deyil, pul qazanmaqdır. Media, reklam və sosial şəbəkələr bu süni ehtiyacları formalaşdırır və insanları israfçılığa sürükləyir.
Əslində sevgi müəyyən bir tarixlə məhdudlaşmamalıdır. Əgər bir insan qarşısındakını sevirsə, bunu təkcə “Sevgililər Günü”ndə deyil, istədiyi hər gün göstərə bilər. Mənə görə, bu günün xüsusi və mütləq xarakter daşıması doğru deyil. Sevgi – təqvimlə yox, səmimi davranışla ölçülür".
Məsələnin psixoloji tərəfləri ilə bağlə klinik psixoloq Minarə Səbzəliyeva də danışıb. O, bu cür hərəkətin fərqli olsam daha çox sevilərəm inancı olduğunu qeyd edib:

"Şəxs iz qoymaq üçün belə bir hədiyyə verir: "məndən bir şey səndə qalsın", "daha fərqli bağ". Münasibətdə tərk edilməsin, münasibət bitsə belə hər zaman qarşıdakı şəxsin yadında qalsın kimi xətalı inanclar belə addımların yaranmasına gətirib çıxara bilər. Bu da həm şəxsin özündə, həm də münasibətdə qeyri-bərabərlik və ya daxili güvən çatışmazlığı göstəricisi ola bilər.
Bu şəxslərdə bayaq da qeyd etdiyim kimi "fərqli olma", simvolik hansısa təsviri yaratmaq üçün müşahidə oluna bilər. Lakin əgər bu davranış özünə zərər vermə, dramatikləşdirmə və ya münasibəti saxlamaq üçün qurban rolu ilə müşayiət olunursa, artıq klinik diqqət tələb edən vəziyyət kimi qiymətləndirilə bilər. Belə hallarda analiz edilməli əsas vacib olan şey davranışın özü deyil, şəxsin bu davranışı etmə səbəbidir".
Elmir Heydərli
12:05 18.02.2026
Oxunuş sayı: 549