Əhalinin diqqətinə!: Yas mərasiminlərinə dəyişiklik olunur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz kollegiya iclasında yas mərasimlərində israfçılığın aradan qaldırılması və dəbdəbəli mərasimlərin qarşısının alınması məqsədilə cəmiyyətdə ümumi razılığın əldə olunmasının vacibliyini vurğulayıb. Kollegiya üzvləri tədbirlərin sadələşdirilməsinin həm sosial ədalət, həm də iqtisadi yükün azaldılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Uzun müddətdir müzakirə olunan və aktuallığını qoruyan bu məsələ barədə Crossmedia.az-a danışan sosioloq Rəvan Əliyev bildirib ki, bir qrup insan bu təşəbbüsü müsbət qarşılayacaq, çünki yas mərasimlərində həddindən artıq xərclər bir çox ailə üçün ciddi maliyyə yükünə çevrilir: "İnsanlar bəzən sosial təzyiqə görə imkanlarından artıq xərc çəkirlər. İsrafçılığın azaldılması sosial ədalət və bərabərlik baxımından da müsbət addım kimi qiymətləndirilə bilər. İnsanların bir qismi bu təşəbbüsü ənənəyə müdaxilə kimi qəbul edə bilər".
Onun sözlərinə görə, yas mərasimləri cəmiyyətimizdə həm dini, həm də mədəni məna daşıyır: "Ona görə də dəyişikliklər həssas şəkildə aparılmalıdır. Dünya təcrübəsi göstərir ki, ənənə qorunur, amma dəbdəbə tədricən sosial norma olmaqdan çıxır. Azərbaycanda da dəyişiklik baş verəcəksə, bu proses qadağa ilə deyil, sosial razılaşma və maarifləndirmə yolu ilə daha dayanıqlı ola bilər".
Nigar Yahyazadə
10:29 18.02.2026
Oxunuş sayı: 650