“Yalançı çərşənbə” və ya “oğru çərşənbə”?
Bəzi insanlar Novruz bayramına qədər yalnız dörd çərşənbənin olduğunu düşünür. Lakin xalq inanclarına görə, bu dörd çərşənbədən əvvəl gələn və baharın ilk sorağı sayılan Yalançı çərşənbə də mövcuddur. Belə ki, bu çərşənbə təbiətin hələ tam oyanmadığını, ancaq baharın astanasında olduğunu xəbər verir.
Qeyd etdiyimiz çərşənbə barədə tarix üzrə fəlsəfə doktoru, dosent, etnoloq Bəhmən Əliyev Crossmedia.az-a açıqlama verib:
"Novruz bayramı Azərbaycan xalqının etnik yaddaşının, tarixinin, maddi-mənəvi mədəniyyətinin mühüm tərkib hissəsidir, bu bayram bir ili əhatə edən təqvim və təsərrüfat həyatında yeni bir başlanğıcın ifadəsidir.
![]()
Novruz təkcə bayram deyil, tariximizin, maddi və mənəvi mədəniyyətimizin ayrılmaz hissəsidir, daim canlıdır, həyat eşqlidir. Bəzən bizə elə gəlir ki, bu bayramla bağlı hər şeyi bilirik, hər şey gün kimi aydındır. Lakin elə deyil, tarixi-etnololoji, folklor tədqiqatları genişləndikcə, xüsusi ilə Azərbaycanın sərhədləri boyu öz doğma vətən torpaqlarımızda yaşayan soydaşlarımızla əlaqələr artdıqca, milli-mənəvi dəyərlərimizin gizlinləri üzə çıxır, müqayisələr apardıqca daha dəqiq sistemləşmələr aparmaq mümkün olur. Bu sırada çərşənbələrin xüsusi yer tutduğunu vurğulamaq lazımdır. Məsələn, belə bir təsəvvür yaranıb ki, yalnız 4 çərşənbə var, halbuki çərşənbələrin sayı 7-dir. Üçü “oğru çərşənbə”, dördü “doğru çərşənbə”... Yaxud, üçü “oğru çərşənbə”, üçü “doğru çərşənbə”, biri “İlaxır çərşənbə”. Bəzən isə “oğru çərşənbə” əvəzinə “oğru buğ”, “oğru üskü” ifadələri işlədilir. Dördü - “doğru çərşənbə”, “doğru buğ”, “doğru üskü”, “cəmlələr” adlanır.
Bu “oğru çərşənbə”dir, yoxsa “yalançı çərşənbədir”? Fərqli adlanmalar əslində bir-birinə zidd deyil, çoxvariantlılığın, eyni zamanda müəyyən təhrifolunmaların nəticəsidir. Etnoqrafik ekspedisiyalar nəticəsində əldə etdiyimiz məlumatlara görə, Azərbaycanın Göyçə, Qazax-Ağstafa, Qarabağ bölgəsində “oğru çərşənbə”lər sakitcə qeyd olunub, ilk “doğru çərşənbə”dən əvvəlki “oğru çərşənbə” isə “yalançı çərşənbə” adlandırılaraq qeyd edilib, süfrə açılıb. Birincisi, Böyük Çillə (Qaraqış) başlayandan Günəş Cənub yarımkürəsindən Şimal Yarımkürəsinə doğru irəlilədikcə, hər 7 gündən bir havada müəyyən dəyişmələr baş verir, bu da təqvim baxımından çərşənbə günlərinə gəlib düşür. Kiçik Çillədə (Yalquzaq) isə “oğru çərşənbə”lərdə havanın dəyişkənliyi daha çox hiss olunur. Xalq isə buna görə də gah istilənən, gah soyuyan, gah qarlayan, gah da işıldayan “yalançı çərşənbə” və ya “oğru çərşənbə” adını verib. Bu bir bənzətmədir, “doğru çərşənbə”lərə hazırlıqdır, bildirir ki, qabaqdan Boz ay gəlir. Eyni zamanda xəbərdarlıqdır. Deyir ki, Kiçik Çillədə Gün işıldasa da hələ Yalquzaq ayıdır, yağış da olacaq, qar da..."
Fatimə Məmmədova
18:10 17.02.2026
Oxunuş sayı: 641