Avaralıq yalnız bir fərdin həyatı ilə bağlı problem deyil
Son dövrlərdə şəhər mərkəzlərində və ictimai məkanlarda avaralıq halları getdikcə daha çox diqqət çəkir. Bu, yalnız fərdi həyat tərzi və sosial vəziyyət məsələsi deyil, həm də cəmiyyətin gündəlik ritmi və ictimai mühit üçün aktual problem kimi çıxış edir.
Şəhər küçələrində, park və meydanlarda rast gəlinən belə hallar insanların gözlə görünən real həyat hekayələridir: bəzən işsiz və daimi gəlirsiz insanlar öz ehtiyaclarını təmin etmək üçün küçələrdə dolaşır, dilənçilik və ya digər yollarla dolanışığını təmin etməyə çalışır.
Avaralıq, eyni zamanda, sosial fəallığın və ictimai məsuliyyətin olmaması ilə bağlıdır. İnsanlar ictimai faydalı fəaliyyətlərdə iştirak etmədikdə, həm öz həyatını, həm də ətrafındakıların sosial mühitini təsir altına alır. Bu halların artması cəmiyyətdə narahatlıq yaradır, ictimai məkanlarda gərginlik və anlaşılmazlıq doğurur, insanların gündəlik həyatına təsir göstərir.
Bununla yanaşı, avaralıq həm də fərdi və sosial problemlərin üst-üstə düşdüyü bir fenomendir. İnsanların iş tapmaq, gəlir əldə etmək imkanlarının məhdudluğu, sosial dəstək sistemlərinin yetərsizliyi və bəzən fərdi qərarlar nəticəsində küçələrdə yaşamaq və ya dilənçiliklə məşğul olmaq halları cəmiyyətdə diqqət tələb edən məsələ olaraq qalır.
Beləliklə, avaralıq yalnız bir fərdin həyatı ilə bağlı problem deyil; bu, cəmiyyətin sosial strukturu, ictimai mühitin nizamı və insan davranışlarının birbaşa əks-sədası kimi çıxış edir.
Müşahidələr göstərir ki, bu vəziyyətin həlli yalnız fərdi səylərlə deyil, həm də cəmiyyətin diqqəti, sosial dəstək və maarifləndirmə tədbirləri ilə mümkündür.
Bu barədə Crossmedia.az-a açıqlama verən Vəkillər kollegiyasının üzvü, vəkil Anar Ramazanov mövzuya belə aydınlıq gətirib:

"Dünyanın bir çox ölkələrində, hətta Azərbaycan tarixinə baxdıqda Sovet dövründə belə "avaralıq"la məşğul olmaq, avaralıq etmək, cəmiyyətə fayda və töhfə verən fəaliyyətlərlə məşğul olmamaq hüquqi baxımdan ya cəzalandırılmalı, ya da bəyənilməyən və tənqid olunan bir hərəkət kimi çıxış etmişdir.
Hazırda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə əsasən "avaralıq" ilə məşğul olmaq inzibati məsuliyyət yaradır. Bu maddəyə görə, avaralıqla məşğul olan şəxs xəbərdarlıq edilə bilər və ya onun şəxsiyyət halları nəzərə alınmaqla 10 günə qədər inzibati həbs tətbiq oluna bilər. Əgər avaralıqla məşğul olan şəxs əcnəbidirsə bu zaman 20 manat miqdarında cərimə edilə, yaxud ölkə hüquqlarından kənara çıxarıla bilər".
A. Ramazanov bildirib ki, avaralıqla məşğul olmağa qanunvericilik anlayış da vermişdir:
"İnzibati Xətalar Məcəlləsi buna belə bir aydınlıq gətirir ki, "avaralıq" ilə məşğul olan şəxs, o şəxsdir ki, onun daimi yaşamağa yeri və vəsaiti yoxdur. Həmçinin əmək ictimai faydalı əmək və ya peşə ilə məşğul olmur, iş axtaran kimi qeydiyyatda durmamışdır və dilənçilik ilə məşğuldur. Bundan əlavə öz əsas gəlir yerini dilənçiliklə məşğul olaraq keçirir. Əgər paylaşımda qeyd olunan şəxsə belə bir cərimə yazılıbsa, həmin şəxs müvafiq qərar alındıqdan sonra 10 gün ərzində məhkəməyə- İnzibati Xətalar orqanına şikayət edə bilər".
Fatimə Məmmədova
14:37 13.02.2026
Oxunuş sayı: 702