Qlobal brendlərin regionlara “ayaq açması” turizm bazarına necə təsir göstərir?
Azərbaycanın turizm və mehmanxana sektoru strateji əhəmiyyət kəsb edən sahələrdən biri olaraq ölkəyə xarici sərmayə və beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə vurğuladığı kimi, mehmanxana biznesində artıq ciddi hazırlıq işləri görülüb və gələcəkdə Amerikanın aparıcı şirkətləri ilə strateji tərəfdaşlıq perspektivləri böyükdür. Bu sahədə həm paytaxt, həm də regionlarda potensialın geniş olması ölkənin qlobal turizm bazarında rolunu artırır.
Dövlət başçısının qeyd etdiyi kimi, mövcud layihələr yalnız iqtisadi mənfəət gətirmir, həm də ölkənin beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını gücləndirir. Xüsusilə “Marriott” və digər ABŞ mehmanxana şəbəkələrinin Azərbaycanda fəaliyyətini genişləndirməsi, regionlarda yeni turizm və əyləncə infrastrukturunun inkişafı perspektivi ilə birgə ölkəni sərmayə və biznes üçün cəlbedici məkana çevirir. Bu yanaşma Azərbaycanın həm iqtisadi, həm də regional turizm liderliyi potensialını nümayiş etdirir.
Məsələ ilə bağlı Terra Travel şirkətinin təsisçisi, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Hüquq, maliyyə və biznes konsultasiyası” Komissiyasının üzvü Ceyhun Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Prezident İlham Əliyevin son çıxışında “Azərbaycanda mehmanxana biznesinin böyük potensialı var” fikri turizm sektorunun strateji xətt üzrə inkişaf etdiyini göstərir. Dövlət başçısı həm Bakıda, həm də regionlarda beynəlxalq hotel brendlərinin genişlənməsini, turizm axınının artmasını və qış turizmi kimi yeni istiqamətlərin inkişafını xüsusi vurğuladı. Bu, sektora verilən açıq siyasi dəstək və investisiya çağırışıdır.
Dövlət Turizm Agentliyinin məlumatlarına əsasən, hazırda ölkədə 800-dən çox mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir və onların təxminən üçdə biri Bakıda, qalan hissəsi isə regionlarda yerləşir. Bu struktur Prezidentin regionlarda genişlənmə çağırışının məntiqini izah edir – infrastruktur artıq formalaşıb, növbəti mərhələ isə keyfiyyət və məhsul müxtəlifliyinin artırılmasıdır.
Son illərdə gecələmələrin artması və xarici turistlərin payının yüksəlməsi sektorun bərpa mərhələsini geridə qoyduğunu göstərir. Naftalan, Qusar, Şabran kimi ixtisaslaşmış turizm zonalarında doluluğun daha yüksək olması isə düzgün konsept və istiqamət seçiminin effektiv nəticə verdiyini sübut edir. Bununla yanaşı, ümumi doluluq səviyyəsinin hələ də aşağı qalması mövsümilik və satış strategiyalarının optimallaşdırılmasını aktuallaşdırır.
Prezident çıxışında ABŞ-la iqtisadi əməkdaşlıq və Marriott kimi qlobal hotel şəbəkələrinin Azərbaycanda və regionlarda fəaliyyətini xüsusi qeyd etdi. Bu, yalnız yeni obyektlərin açılması deyil, həm də beynəlxalq biznesin ölkəyə etimadının göstəricisidir. Qlobal brendlərin regionlara daxil olması xidmət standartlarının yüksəlməsi və turizm bazarının keyfiyyətcə yeni mərhələyə keçməsi deməkdir.
Azərbaycanın regionda artan siyasi nüfuzu və beynəlxalq platformalarda güclənən mövqeyi də turizm sektoruna birbaşa təsir göstərir. Böyük beynəlxalq tədbirlər, ölkənin təhlükəsizlik baxımından sabit imici və artan diplomatik əlaqələr xarici turist və investor üçün əlavə cəlbedicilik yaradır.
Xüsusilə, Qarabağın işğaldan azad olunması və həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri yeni turizm xəritəsinin formalaşmasına imkan verir. Şuşa, Laçın, Kəlbəcər kimi bölgələr təbii və mədəni resursları ilə gələcəkdə mehmanxana biznesinin əsas inkişaf istiqamətlərindən birinə çevrilə bilər. Bu ərazilərdə infrastrukturun müasir planlama əsasında qurulması daha dayanıqlı və strateji turizm modelinin tətbiqinə şərait yaradır.
Nəticə etibarilə, Azərbaycan mehmanxana sektoru artıq genişlənmə mərhələsinə daxil olur. Dövlət səviyyəsində verilən siyasi dəstək, beynəlxalq brendlərin marağı və regionların inkişafı bu potensialın real iqtisadi nəticəyə çevrilməsi üçün güclü zəmin formalaşdırır".
Elmir Heydərli
12:55 13.02.2026
Oxunuş sayı: 523