Təhsil sistemi tamamilə dəyişir: Məktəblər rəqəmsal inqilaba hazır olmalıdır
Prezident İlham Əliyevin ölkədə rəqəmsal inkişafla bağlı səsləndirdiyi mesajlar təhsil sistemində köklü dəyişikliklər zərurətini yenidən gündəmə gətirib. Bu çağırışların təhsilin məzmununa, kadr hazırlığına və müəllimlərin roluna ciddi təsir göstərəcəyi bildirilir.
Mövzu ilə bağlı Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Crossmedia.az-a açıqlamasında təhsilin rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb:
"Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” müşavirəsindəki çıxışı Azərbaycan təhsil sistemi qarşısında ciddi məsuliyyət qoyan mesajlarla doludur.
Ən önəmli məqamlardan biri tədris proqramlarına dəyişikliklər zərurətinin açıq şəkildə vurğulanmasıdır. Dövlət başçısı qlobal sənaye inqilabının 4.0 və artıq 5.0 mərhələsinin rəqəmsal texnologiyalar və süni intellekt olmadan keçilməz olduğunu qeyd edərək, təhsilin bu reallığa uyğunlaşdırılmasını tələb edir. Bu, sadəcə “informatika” dərsini gücləndirmək deyil. Bütün fənlərin tədris metodikasının, məzmununun və nəticə gözləntilərinin yenidən dizayn edilməsi deməkdir. Məsələn, riyaziyyat və fizika dərslərində data analitikası elementləri, Azərbaycan dili və ədəbiyyatda süni intellekt ilə mətn generasiyası və plagiat aşkarlama alətləri, tarixdə isə böyük verilənlər əsasında trend analizləri kimi mövzular artıq əlavə deyil, əsas məzmunun bir hissəsi olmalıdır".
Partiya sədri, həmçinin kadr hazırlığı strategiyası məsələsinə də toxunub:
"Ölkəmizin ehtiyacı hazırda hüquqşünas və ya iqtisadçıdan çox, süni intellekt mühəndisinədir. Prezident də məhz bununla bağlı təhsil sisteminə birbaşa çağırış etdi. Buna görə də ali məktəblərdə və peşə təhsilində süni intellekt, data science, machine learning, kiber təhlükəsizlik kimi ixtisaslar üzrə kütləvi və keyfiyyətli kadr axını təmin edilməlidir. Bu, orta məktəbdən başlayaraq kodlaşdırma, robototexnika, proqramlaşdırma dərnəklərinin və fakültativlərin genişləndirilməsini, eyni zamanda müəllimlərin özlərinin sistemli “Rəqəmsal savadlılıq” və “Süni intellekt tətbiqləri üzrə təlimlər” almasını tələb edir. Müəllim artıq sadəcə bilik ötürən deyil, şagirdə süni intellekt alətlərindən effektiv istifadə etməyi öyrədən, etik istifadə qaydalarını aşılayan mentor olmalıdır.
Üçüncü aspekt vahid rəqəmsal arxitektura prinsipinin təhsilə də şamil olunması ilə bağlıdır. Təhsil Nazirliyinin platformaları (e-dəftərxana, distant təhsil sistemləri, şagird nailiyyətlərinin vahid bazası və s.) digər dövlət sistemləri ilə inteqrasiya olunmalı, süni intellekt əsasında “fərdi təhsil trayektoriyaları” qurulmalıdır. Bu, həm inklüziv təhsili gücləndirəcək, həm də istedadlı uşaqların vaxtında aşkarlanmasına imkan verəcək. Prezidentin çıxışı təhsil sistemində yeni mərhələyə çağırışdır. Qarşıda duran vəzifə sadəcə texnologiyanı məktəbə gətirmək yox, məktəblini rəqəmsal dövrün suveren, yaradıcı və etik iştirakçısına çevirməkdir. Sürətli inkişafın tələbinə adekvat olaraq təhsil sistemi ya bu transformasiyanın lokomotivi olacaq, ya da geridə qalacaq. Bizim seçimimiz birinci variant olmalıdır".
Fatimə Məmmədova
12:43 13.02.2026
Oxunuş sayı: 550