ABŞ-nin Qrenlandiya "iştahı": Ərdoğan bu çıxışı ilə nəyə eyham vurub?
Arktikanın buzla örtülü sularında yalnız ekoloji və geoloji maraqlar dayanmır. Bu, həm də qlobal güc oyunlarının yeni arenasıdır. ABŞ və digər güclər üçün Qrenlandiya artıq sadəcə coğrafi bir ada deyil, strateji üstünlüyün simvoluna çevrilib. Bu kiçik ada üzərində aparılan siyasi manevrlər, yalnız Şimalın qaynar geopolitik arenasında deyil, eyni zamanda dünya güc balansını və diplomatik imkanları da dəyişmək potensialına malikdir.
ABŞ vitse-prezidenti Cey Di Vensin Qrenlandiyanın ölkəsinin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını açıqlaması Arktika regionu ilə bağlı geosiyasi maraqları yenidən gündəmə gətirib. Qrenlandiya ətrafında aparılan danışıqların regionun təhlükəsizlik arxitekturasına mümkün təsirləri mütəxəssislər tərəfindən diqqətlə izlənilir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, Qrenlandiyanın tarixi Azərbaycan siyasi ictimaiyyəti tərəfindən çox az tanınır. "Qrenlandiyanın yerli xalqı inuitlərdir, onların əcdadları XIX əsrdə Alyaskadan bu adaya köç etmişdi. Danimarka adanı nəzarətinə götürdükdən sonra XX əsrin ikinci yarısında inuitlərə qarşı sistematik genosid siyasəti aparılıb. 15–45 yaş arası qadınlar sterilizə edilirdi ki, əhali artmasın. Nəticədə, indiki dövrdə Qrenlandiyanın əhalisi təxminən 60 min nəfərdir, halbuki əhalisi 120 min olmalı idi".
Ə.Məmmədli, həmçinin vurğulayıb ki, ABŞ və Danimarka arasında münasibətlərdə yaranan gərginlik Arktikada yeni güc balanslarına səbəb ola bilər. "Bu vəziyyət dünya üzrə digər regionlara da təsir edir: Rusiyanın Ukraynaya müdaxiləsi, Çin-Tayvan məsələsi və s. Azərbaycan üçün isə diplomatik imkanlar açır, məsələn, Zəngəzurla bağlı. Güc sahibi olmaq vacibdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, gərək masanın üstündə olmayasan, masanın ətrafında olasan. Yəni sənin də iştirakın olmalıdır ki, qərarlara təsir edə biləsən. Qrenlandiya və digər regionlarda baş verənlər də bunu göstərir".
Nigar Yahyazadə
11:45 13.02.2026
Oxunuş sayı: 526