Şəxsi məlumatların qorunması və yayılması qanunla necə qorunur?
Müasir dövrdə informasiya mübadiləsinin sürətlənməsi ilə yanaşı, şəxsi həyatın toxunulmazlığının qorunması məsələsi daha da актуallaşır. Media vasitəsilə yayılan hər bir məlumat cəmiyyət üçün əhəmiyyət daşısa da, bu proses insanın şəxsi hüquq və azadlıqlarına da xələl gətirməməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi şəxsi həyatın toxunulmazlığını xüsusi hüquqi təminat altına alır. Bu müsahibədə şəxsi toxunulmazlıq hüququnun mahiyyəti, şəxsi məlumatların qorunması və media subyektlərinin məsuliyyəti barədə əsas hüquqi məqamlar aydınlaşdırılır.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli Crossmedia.az-a müsahibə verib:
– Allahverdi müəllim, şəxsi toxunulmazlıq hüququ nədir və bu hüquq qanunlarımızda necə təsbit olunub?
- Şəxsi toxunulmazlıq hüququ hər bir insanın əsas hüquqlarından biridir və Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində öz əksini tapır. Bu maddəyə əsasən, şəxsin şəxsi və ailə həyatı onun razılığı olmadan yayıla bilməz. Hər bir insanın azadlığı və şəxsi toxunulmazlığı qanunla qorunur.
– Hansı məlumatlar şəxsi məlumat hesab olunur və onların yayılması hansı hallarda qanunsuzdur?
- Şəxsin bioqrafiyası, sağlamlıq vəziyyəti, hüquq pozuntuları, dini, siyasi və fəlsəfi baxışları, ailə münasibətləri, əmlak durumu, peşə fəaliyyəti və digər məlumatlar şəxsi məlumat sayılır. Bu məlumatların həmin şəxsin icazəsi olmadan mətbuatda və ya mediada yayılması şəxsi həyatın toxunulmazlığına xələl gətirir və qanunla qadağandır.
– Böhtan və təhqir hallarında media subyektləri hansı məsuliyyəti daşıyır?
- Böhtan, yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasıdır.
Təhqir isə kütləvi informasiya vasitələrində şəxsin şərəf və ləyaqətinin nalayiq formada, qəsdən alçaldılmasıdır. Bu kimi hallara yol verən istənilən media subyekti — televiziya, çap, onlayn və ya audio-vizual media — Azərbaycan Respublikasının Konstitusiyasına və Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən hüquqi məsuliyyət daşıyır.
Elmir Heydərli
14:17 12.02.2026
Oxunuş sayı: 637