Ramazan gəlir: bu qidalardan uzaq durun
Fevralın 19-dan etibarən Ramazan ayı başlayır. Bu ay bəzi insanlar üçün ibadət və mənəvi təmizlənmə dövrü kimi qəbul edilsə də, bir çox insanlar sağlamlıq səbəbilə oruc tutmur.
Oruc tutmaq yalnız aclıq və susuzluqla məhdudlaşmır, eyni zamanda sağlamlığa məsuliyyətlə yanaşmağı da tələb edir. Xüsusilə, müəyyən xəstəlikləri olan insanlar üçün oruc hər zaman uyğun olmaya bilər. Digər tərəfdən, oruc tutanlar da iftar və imsak vaxtı nəyi, necə və nə qədər yediklərinə diqqət etməlidirlər.
Bütün günü ac qaldıqdan sonra ağır, yağlı və ya sürətlə yeyilən qidalar bəzən fayda yox, zərərə çevrilir.
Mütəxəssislər bildirir ki, düzgün qidalanma, yeməyi tədricən qəbul etmək və bədənin ehtiyaclarını nəzərə almaq, Ramazanı sağlam şəkildə keçirməyin əsas şərtlərindəndir.
Bu barədə Crossmedia.az-a danışan qida eksperti Fərid Səfərov Ramazanda əsas məqsədlərdən birinin orqanizmi birdən-birə yükləməmək, qan şəkərini stabilləşdirmək və gün ərzində susuzluq-yorğunluq riskini azaltmaq olduğunu deyib:

"Uzun müddət ac qaldıqdan sonra mədə, bağırsaq və metabolizma daha həssas olur. Ona görə də həm nə yemək, həm də necə yemək vacibdir. Uzun aclıqdan sonra birdən-birə çox və ağır yemək mədə ağrısı, köp, yanğı, təzyiq və halsızlıq, qan şəkərinin sürətli qalxıb-düşməsinə səbəb ola bilər".
Ekspert, həmçinin doğru başlanğıcın necə olmalı olduğu barədə danışıb:
" 1-2 ədəd xurma və ya bir stəkan su, ilıq şorba (mərcimək, tərəvəz, toyuq bulyonu) 10-15 dəqiqə fasilə olmalıdır. Bu, mədəyə siqnal verir və həzm sistemini yumşaq şəkildə işə salır. İftarda yemək yeyərkən nəzərə almalıyıq ki, balans prinsipi önəmlidir. Zülal: toyuq, balıq, az yağlı ət, yumurta, paxlalılar, kompleks karbohidrat: bulqur, qarabaşaq, qəhvəyi düyü, tam buğda çörəyi, lif: bol salat və tərəvəz, sağlam yağ: zeytun yağı, az miqdarda qoz-fındıq. Qeyd edim ki, birdən-birə yemək zərərlidir".
F.Səfərov, bəzi qidaların qan şəkərini sürətlə qaldırdığını, sonra isə ani düşüş yaratdığını – halsızlıq, yuxululuq və yenidən aclıq hissi verdiyini vurğulayıb. Belə ki, həmin qidalar aşağıdakılardır:
" Çox yağlı və qızardılmış yeməklər, ağ undan hazırlanmış çoxlu çörək və xəmir, şirin qazlı içkilər, böyük porsiya şirniyyat bu sıraya aiddir. Bundan əlavə sahur( imsak) sizi gün boyu saxlamalıdır. Yumurta (toxluq müddətini artırır), kəsmik, pendir, qatıq, yulaf, tam taxıllı çörək, tərəvəz, bol su tükətməliyik".
Ekspert son olaraq uzaq durmalı olduğumuz qidaları sadalayıb:
"Çox duzlu yeməklər (susuzluğu artırır), çox şirin qidalar (tez acdırır) , sadə karbohidratlar (ağ çörək, şirniyyat) kimi qidalardan uzaq durmalıdır. İftarla sahur arasında isə kiçik qurtumlarla 1.5-2 litr su içmək, qazlı və çox şirin içkilərdən uzaq durmaq lazımdır. Oruc tutarkən diqqətli olmalıdır: mədə problemi olanlar, təzyiq və ya şəkər xəstəliyi olanlar, hamilə qadınlar. Oruc tutarkən yavaş başla, balanslı ye, porsiyanı idarə et. Aclıqdan sonra birdən-birə yağlı, şirin və çoxlu yemək həm mədə, həm də metabolizma üçün zərərli ola bilər".
Fatimə Məmmədova
08:10 12.02.2026
Oxunuş sayı: 484