Azərbaycan balanslı diplomatiya ilə milli maraqları və sabitliyi qoruyur- siyasi şərhçi
Son dövrlərdə İranın regional və qlobal siyasəti xüsusilə nüvə proqramı və diplomatik münasibətlər kontekstində diqqət mərkəzindədir.
İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib ki, Tehranın əsas siyasət xətti müharibə və ya nüvə silahı deyil, diplomatiyadır. Nazir vurğulayıb ki, İran istənilən ssenariyə hazırdır və heç kimin ölkəyə qarşı güc tətbiq etməsinə imkan verməyəcək. Eyni zamanda, ABŞ-a etimadın olmadığı, hərbi strukturların diplomatik prosesdə rolunun qəbul edilmədiyi və qarşı tərəfin narahatlıqlarının yalnız hörmətə əsaslanan diplomatiya yolu ilə aradan qaldırıla biləcəyi qeyd olunub. Bu baxımdan, İranın mövqeyi regional sabitlik, qarşılıqlı etimad və sülh prinsiplərinə yönəlmiş açıq diplomatik mesaj kimi qiymətləndirilə bilər.
Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Xasay Gəraylı bildirib ki, Azərbaycanın regionda gərginliyin azaldılmasında oynadığı rol təkcə sözlərdən və diplomatik ifadələrdən ibarət deyil.
“Azərbaycan 30 ildən artıqdır formalaşdırdığı çoxvektorlu balanslı xarici siyasət sayəsində regionun ən mürəkkəb hadisələrinin baş verdiyi bu geosiyasi aləmdə etibarlı bir aktora çevrilib. Bu siyasət milli maraqlarımızı qorumaqla yanaşı, regionun stabilliyinin təmin olunmasında ciddi töhfə verir”.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın uğurlu siyasətini necə apardığına bir-bir nəzər salmaq olar.
“Bakı strateji tərəfdaşlıqlar qurur. Strateji tərəfdaşlıqlardan biri İsraillədir. İsrail kimi güclü dövlətlə həm texnologiya, həm də müdafiə sahəsində əməkdaşlıq aparır. İsrailli şirkətlərlə birgə texnoloji layihələr hazırlayır, müasir silahların alınması, satışı və bir çox strateji layihələrdə əməkdaşlıq edir. İsraildən alınan bəzi silahlar isə Qarabağ müharibəsində istifadə olunmuşdur.
Həmçinin, İranla pragmatik münasibətlər saxlanılır. Bakı həm iqtisadi, həm də nəqliyyat sahələrində əməkdaşlığı davam etdirir. Xüsusilə, Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr ölkəni regional ticarət əlaqələrinə bağlayır. Azərbaycanın bu yanaşması təkcə balans deyil, həm də aktiv müstəqillik prinsipinə əsaslanır”.
Xasay Gəraylı bildirib ki, Azərbaycan heç bir güc blokuna daxil olmur və xarici bazaların içərisində yerləşməyə razılıq vermir. “Bu, Azərbaycanın güclü xarici siyasətinin nümunəsidir. Bakı İsrail və İran arasında balanslı siyasət apara bilir, regiondakı böyük güclər arasında tarazlığı qoruyur. Bu, az dövlətin bacardığı mürəkkəb diplomatik manevrdir”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan yalnız İsraillə texnoloji əməkdaşlıq qurmaqla kifayətlənmir, İranla qonşuluq münasibətlərini də qoruyub saxlayır.
“Nəticədə, Bakı həm İsraillə geniş əməkdaşlıq edir, həm də Tehranla bir çox sahələrdə faydalı layihələri davam etdirir. Belə balans yalnız Azərbaycan üçün deyil, region üçün də vacibdir”.
Xasay Gəraylı vurğulayıb ki, İranla münasibətlərdə bəzən gərginlik yaranmışdır.
“Lakin Azərbaycan qonşu dövlətlərlə münasibətlərin sabitliyinə önəm verdiyi üçün bu gərginliklər qısa zamanda yatırılmışdır. Fələstin məsələsində də Azərbaycanın mövqeyi və beynəlxalq platformalardakı rolu diqqətəlayiqdir. Bakı beynəlxalq hüquqa və insan haqlarına əsaslanaraq, həm Fələstin, həm də İsrail məsələsində balanslı siyasət yürüdür”.
Siyasi şərhçi bildirib ki, Azərbaycan regional və beynəlxalq təşkilatlarda da aktiv rol oynayır.
“BMT, ATƏT, Qoşulmama Hərəkatı kimi sülh təşəbbüslərini dəstəkləyir. Bakı həm İsrail və Türkiyə, həm Suriya və digər məsələlərdə etibarlı tərəfdaş kimi tanınır. Avropa medianın məlumatına görə, Azərbaycanın Fələstin və İsrail arasında sülh təşəbbüsündə iştirakı gözlənilirdi. Bu, Azərbaycanın milli maraqlarına uyğun xarici siyasətindən irəli gəlir”.
Xasay Gəraylı yekun olaraq qeyd edib ki, Azərbaycan regionda gərginliyin azalmasında həm milli maraqlarını qoruyur, həm də balanslı diplomatiya aparır.
“Bakı yalnız diplomatik mərkəzlərdə deyil, real coğrafi və strateji müstəvidə balanslı siyasət yürüdür, regionda təhlükəsizlik, dialoq, stabillik və qorunmasına töhfə verir. Azərbaycan xarici siyasətinin reaktiv deyil, proaktiv və nüfuzlu rolunun əyani sübutudur və diplomatiya modelində nümunəvi təcrübədir”.
Mehriban Yariyeva
15:10 11.02.2026
Oxunuş sayı: 816