Onkoloji və ürək-damar xəstəliklərin yaranma səbəbləri bu qidalarla bağlıdı
Müasir həyat tərzinin ayrılmaz hissəsinə çevrilmiş sürətli və rahat qidalanma vərdişləri insan sağlamlığı üçün ciddi risklər yaratmaqdadır. Xüsusilə, sənaye üsulu ilə hazırlanmış, tərkibi kimyəvi qatqılarla zəngin olan həddindən artıq emal olunmuş məhsulların geniş yayılması ürək-damar xəstəliklərinin artmasında da səbəb olur. Son elmi araşdırmalar bu cür qidaların yalnız çəki artımı ilə deyil, eyni zamanda infarkt və insult kimi həyati təhlükəli xəstəliklərin artması ilə də birbaşa əlaqəli olduğunu təsdiqləyir.
Florida Atlantik Universitetinin alimləri tərəfindən aparılan və nüfuzlu elmi nəşr olan “The American Journal of Medicine” jurnalında dərc edilən tədqiqatın nəticələri göstərir ki, gündəlik rasionunda həddindən artıq emal olunmuş məhsullar üstünlük təşkil edən şəxslərdə ürək-damar xəstəlikləri riski əhəmiyyətli dərəcədə artır. Bu fakt bir daha sübut edir ki, qida seçimi təkcə şəxsi vərdiş deyil, həm də ictimai sağlamlıq baxımından strateji əhəmiyyət daşıyan məsələdir.
Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim, onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Öncə onu qeyd edim ki, son zamanlar emal olunmuş, hətta ultra emal olunmuş qida məhsullarının istifadəsi həddindən artıq artıb. Bu artım həm gənclər, həm də yaşlılar arasında müşahidə olunur. Təbii ki, insanların artıq yemək bişirməyə vaxt sərf etmək istəməməsi bu meylin əsas səbəblərindən biridir. Lakin bir məqamı xüsusi vurğulamaq lazımdır ki, bu məhsulların tərkibində olan həddindən artıq şəkər, duz, yağ və digər süni maddələr orqanizm tərəfindən çox sürətlə mənimsənildiyi üçün ürək-qan damar xəstəlikləri baxımından ciddi risk faktoru yaradır. Daha doğrusu, ürək xəstəliklərinin artması, eləcə də onkoloji xəstəliklərin çoxalması bu qida vərdişlərilə birbaşa əlaqəlidir və son dərəcə təhlükəlidir.
Məhz buna görə biz hər zaman vurğulayırıq ki, bu tip məhsullardan nə qədər uzaq dursaq, həm onkoloji xəstəliklərə tutulma riski, həm də ürək-qan damar xəstəliklərinə yoluxma ehtimalı bir o qədər azalır. Buraya fast-food qidalar da daxildir. Xüsusilə emal olunmuş ət məhsulları, kolbasa, sosis və bu qəbildən olan digər məhsulların həddindən artıq istifadəsi onkoloji xəstəliklərə tutulma riskini daha da artırır.
Bundan əlavə, son zamanlar gənclər arasında spirtli içkilərin, qazlı və energetik içkilərin istifadəsinin artması da xüsusi narahatlıq doğurur. Bu amillər onkoloji xəstəliklərin həm sayının artmasına, həm də yaş həddinin cavanlaşmasına səbəb olan əsas risk faktorları sırasında ilk yerlərdə dayanır.
Nəhayət, Avropa və Amerika alimlərinin apardığı araşdırmaların nəticələrinə əsasən vurğulamaq olar ki, ümumiyyətlə, onkoloji xəstəliklərin yaranma səbəblərinin təxminən 50-60 faizi məhz qidalanma faktoru ilə bağlıdır. Son illərdə aparılan yeni tədqiqatlar da bu fikri təsdiqləyir".
Məsələ ilə bağlı qida eksperti Elsəvər Fərzəliyev də Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Qida məhsullarının istehsalında “təkrar emal” anlayışı, yəni son istifadə tarixi keçmiş məhsulların yenidən istehlaka verilməsi nəzərdə tutulmur. Məsələn, buğdadan un hazırlanması və sonradan ondan çörək və ya qənnadı məmulatlarının istehsalı texnoloji prosesin davamıdır və təkrar emal sayılmır. Bu, qida istehsalının normal və qəbul olunmuş mərhələsidir.
Digər tərəfdən, bəzi şirin içkilər, qəlyanaltılar, kolbasalar, yarıfabrikatlar və hazır yeməklər insan sağlamlığı üçün həddindən artıq istifadə olunarsa zərərli ola bilər. Bu məhsulların tərkibində nişasta, şəkər, duz və yağ yüksək miqdarda olur, uzun müddətli və çox istifadəsi orqanizmə mənfi təsir göstərə bilər.
Əsas məsələ, qidaları balanslı və normal miqdarda istehlak etməkdir. Həddindən artıq istifadədə, hətta ən faydalı məhsullar belə orqanizm üçün problem yarada bilər.
Nizami Gəncəvinin sözləri ilə desək: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verər o da". Bu, qidalanmada və həyat tərzində ölçü və balansın vacibliyini göstərir.
Elmir Heydərli
14:40 11.02.2026
Oxunuş sayı: 699