Kişilər arasında HİV-ə yoluxma artıb - Həkim həyəcan təbili çaldı
Azərbaycanda İİV infeksiyası ilə bağlı rəsmi statistika göstərir ki, 2025-ci ilin ikinci rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olan 11 min 554 nəfərin təxminən 70 faizini kişilər, 30 faizini isə qadınlar təşkil edir. Bu rəqəmlər cəmiyyətdə mühüm bir sual doğurur: nə üçün İİV infeksiyası kişilər arasında daha geniş yayılıb və bu fərqin arxasında hansı sosial, tibbi və davranış amilləri dayanır?
Mütəxəssislərin fikrincə, məsələ təkcə tibbi səbəblərlə izah olunmur. Miqrasiya prosesləri, riskli davranışların daha çox kişilər arasında müşahidə olunması, təsadüfi cinsi əlaqələrin yayılması, profilaktik müayinələrə gec müraciət edilməsi və infeksiya barədə məlumatlılığın yetərli səviyyədə olmaması bu statistikanın formalaşmasında əsas rol oynayan amillər kimi göstərilir. Mövzunun aktuallığını nəzərə alaraq, İİV-in kişilər arasında daha çox yayılmasının səbəblərinə və bu tendensiyanın qarşısının alınması yollarına aydınlıq gətirməyə çalışdıq.
Bu barədə Crossmedia.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib ki, HİV zoonotik virusdur, yəni ilkin olaraq heyvanlardan insanlara keçmiş virus hesab olunur və keçən əsrin 80-ci illərindən etibarən geniş yayılmağa başlayıb: "Bu gün də dünyada kifayət qədər geniş yayılmış infeksiyadır. HİV retroviruslar qrupuna daxildir və genetik materialını dəyişməyə, yəni mutasiyaya uğramağa meyilli olduğu üçün onunla mübarizə daha çətin hesab olunur. İnsanlarda əsasən HİV-1 və HİV-2 növlərinə rast gəlinir. Hazırda bu virusun orqanizmdən tamamilə xaric edilməsini təmin edən müalicə üsulu mövcud deyil. Doğrudur, QİÇS mərhələsinə keçidin qarşısını alan və virusun qanda səviyyəsini minimuma endirən dərman preparatları var. Bu dərmanların köməyi ilə virusun aktivliyi nəzarətdə saxlanıla bilir. Lakin virus limfa sistemində müxtəlif nahiyələrdə gizləndiyi üçün onu tam şəkildə orqanizmdən təmizləmək hələlik mümkün deyil. Fakt ondan ibarətdir ki, virus mövcud olduğu müddətdə yayılma riski də qalır. HİV-in yayılma yolları müxtəlifdir. Ən əsas yol cinsi yoldur. Virus daha çox insanın bioloji mayeləri vasitəsilə — sperma, vaginal ifrazat və qan yolu ilə ötürülür. Bundan əlavə, virus anadan uşağa hamiləlik və ya doğuş zamanı keçə bilər. Qan köçürülməsi zamanı yoluxma ehtimalı da mövcuddur, əgər donor qanı lazımi qaydada yoxlanılmayıbsa".
Ekspert həmçinin qeyd edib ki, virus orqanizmə daxil olduqdan dərhal sonra analizlərdə aşkar olunmaya bilər: "Orqanizmin virusa qarşı anticisimlər hazırlaması müəyyən vaxt tələb edir və bu müddət təxminən üç aya qədər davam edə bilər. Buna görə də erkən mərhələdə analiz nəticələri bəzən mənfi çıxa bilər. Azərbaycanda da bu infeksiyanın yayılması müşahidə olunur. Xüsusilə miqrasiya prosesləri, uzun müddət xaricdə yaşayan şəxslərin geri qayıtması və riskli davranışlar bu prosesə təsir edən amillərdən sayılır. Bəzi hallarda insanlar infeksiyaya yoluxduqlarını bilmədən ailə üzvlərinə, xüsusilə həyat yoldaşlarına virusu ötürə bilirlər. Bu səbəbdən nikahdan əvvəl tibbi müayinədən keçmək və HİV testinin aparılması profilaktika baxımından böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, təsadüfi cinsi əlaqələr yoluxma riskini artıran əsas amillərdəndir. Təhlükəsiz seksual həyat tərzi, tibbi nəzarət, qan köçürülməsi zamanı ciddi yoxlamalar və hamiləlik dövründə tibbi müşahidə xəstəliyin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Hazırda dünya elmi HİV infeksiyasını tam şəkildə aradan qaldıracaq müalicə üsuluna malik deyil. Bununla belə, elmi araşdırmalar davam edir və gələcəkdə bu sahədə daha uğurlu nəticələrin əldə olunacağı istisna edilmir".
Ayhan
11:17 11.02.2026
Oxunuş sayı: 739