Ödənişli yollardan istifadə qaydaları dəyişir
Nəqliyyat sahəsində qəbul edilən yeni qərarlar yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat axınının tənzimlənməsi və mövcud infrastruktur imkanlarının daha səmərəli istifadəsi baxımından müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə müxtəlif çəki kateqoriyalarına aid nəqliyyat vasitələri üçün sürət hədlərinin yenidən müəyyənləşdirilməsi məsələsi həm sürücülər, həm də mütəxəssislər tərəfindən fərqli yanaşmalarla qiymətləndirilir. Bu dəyişikliklərin yol təhlükəsizliyinə təsiri, yol şəraitinə uyğunluğu və praktiki tətbiqi ilə bağlı ekspert rəyləri isə mövzunun daha geniş müzakirəsinə zəmin yaradır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlama verib:

"Bu kimi qərarların qəbul olunmasında müəyyən yeniliklər mövcuddur və bu yeniliklərin əsas müsbət tərəfi ondan ibarətdir ki, bu gün nəqliyyat vasitələrinin təmin olunması və nəqliyyatın tənzimlənməsi məsələlərində ümumi istifadədə olan vasitələrlə bağlı daha sistemli yanaşma tətbiq edilir. Burada xüsusilə ümumi çəkisi 3,5 tondan aşağı olan nəqliyyat vasitələri ilə bağlı sürət həddinin müəyyənləşdirilməsi diqqət çəkir. Belə ki, bu kateqoriyaya aid nəqliyyat vasitələri üçün saatda 130 kilometr sürət həddinin müəyyən olunması respublika üzrə mövcud sürət həddindən təxminən 10–20 kilometr daha yüksəkdir".
Ekspert əlavə edib ki, yük avtomobilləri üçün sürət həddinin artırılması məsələsi ilə bağlı mən bu yanaşma ilə tam razılaşa bilmirəm: "Çünki ödənişli yolların infrastrukturu yüksək səviyyədə qurulsa da, bu yollar yaşayış məntəqələrinin daxilindən keçən yollar kimi xarakterizə olunmur və daha çox yaşayış məntəqələrindən kənarda yerləşən yolların statusuna uyğun hesab edilir. Bu baxımdan ağır yük avtomobilləri üçün sürət həddinin 90 kilometr deyil, təxminən 80 kilometr müəyyən olunması daha məqsədəuyğun olardı. Eyni zamanda, ümumi çəkisi 3,5 tondan aşağı olan, lakin yük nəqliyyatı kateqoriyasına aid edilən nəqliyyat vasitələri üçün sürət həddinin təxminən 110–120 kilometr səviyyəsində müəyyənləşdirilməsi daha optimal hesab edilə bilər. Burada söhbət minik avtomobillərindən deyil, məhz yüngül yük avtomobillərindən gedir. Beləliklə, sürət hədlərinin müəyyənləşdirilməsi zamanı yolun infrastrukturu, nəqliyyat vasitəsinin çəkisi və təhlükəsizlik amilləri nəzərə alınaraq daha balanslı yanaşmanın tətbiqi məqsədəuyğun hesab olunur".
Ayhan
19:20 10.02.2026
Oxunuş sayı: 471