Qazaxıstan yeni Konstitusiyasında nəyi hədəfləyir?
Qazaxıstan Respublikasında qlobal çağırışlar və daxili transformasiyalar fonunda nəzərdə tutulan konstitusiya dəyişiklikləri geniş elmi və ekspert müzakirələrinin mövzusuna çevrilib. Aparılan müzakirələr yeni Konstitusiya layihəsinin ölkənin müasir inkişaf mərhələsinə uyğunluğunu və strateji əhəmiyyətini ön plana çıxarır.
Ekspertlər yeni
Konstitusiya layihəsinə dəstək ifadə edərək, bildiriblər ki, sənəd dövlətin
hüquqi əsaslarının möhkəmləndirilməsinə, idarəetmə sisteminin səmərəliliyinin
artırılmasına, eləcə də vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsinə
xidmət edir.
Qeyd olunub ki, təklif edilən dəyişikliklər
sosial sabitliyin və institusional dayanıqlığın gücləndirilməsini hədəfləyir.
Elm adamları konstitusiya dəyişikliklərinin
sosialyönümlü xarakter daşıdığını vurğulayaraq, elm, təhsil və səhiyyə sahələrində
yeni inkişaf imkanlarının açıldığını bildiriblər. Onların fikrincə, bu istiqamətlərə
konstitusion səviyyədə xüsusi diqqət ayrılması insan kapitalının gücləndirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Crossmedia.az -a açıqlama verən Almatıda fəaliyyət göstərən hüquqşünas Zarina Kasımova konstitusiya dəyişikliklərinin hüquqi və sosial əhəmiyyətinə diqqət çəkib:

“Yeni Konstitusiya layihəsində
ailə institutunun və vətəndaş məsuliyyətinin gücləndirilməsi xüsusi önəm
daşıyır. Ailənin hüquqi baxımdan daha aydın və güclü şəkildə qorunması sosial
sabitliyə birbaşa təsir göstərir. Bu dəyişikliklər ailə hüququnun tətbiqində
daha balanslı və ədalətli mexanizmlərin formalaşmasına imkan yaradacaq”.
Ekspertin sözlərinə görə,
insan hüquqlarının genişləndirilməsi və sosial təminatların konstitusion səviyyədə
möhkəmləndirilməsi hüquq praktikası baxımından mühüm mərhələ hesab olunur və
hüquqi münasibətlərin daha şəffaf şəkildə tənzimlənməsinə zəmin yaradır.
Ümumilikdə, yeni
Konstitusiya layihəsinin Qazaxıstanın uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirdiyi,
bilik, təhsil və innovasiyalara əsaslanan müasir hüquqi çərçivə formalaşdırdığı
vurğulanır.
Kübra Musayeva
16:51 10.02.2026
Oxunuş sayı: 671