Qida zəhərlənmələri artır: Ətdən istifadə edərkən bunlara diqqət yetirməliyik
Son vaxtlar ölkə üzrə qida zəhərlənməsi hallarında artım müşahidə olunur. Müxtəlif bölgələrdən daxil olan məlumatlar, səhiyyə müəssisələrinə müraciətlərin çoxalması problemin artıq ciddi narahatlıq doğurduğunu göstərir. Qidaların hazırlanması və istehlakı zamanı diqqətsizlik, təhlükəsizlik qaydalarına laqeyd yanaşma insanların sağlamlığını risk altına atır.
Bu cür hallardan biri də Quba rayonunda qeydə alınıb. Belə ki, qonaqlıq zamanı 8 nəfər qidadan zəhərlənərək tibbi yardıma müraciət edib. Hadisə bir daha göstərir ki, istər ictimai məkanlarda, istərsə də ev şəraitində süfrəyə təqdim olunan yeməklərlə bağlı məsuliyyət məsələsi aktual olaraq qalır. Artan zəhərlənmə faktları qida təhlükəsizliyi məsələsinə yanaşmanın yenidən nəzərdən keçirilməsini zəruri edir.
Crossmedia.az-a açıqlama verən qida eksperti Ağa Salamov risk qrupuna daxıl olan qidalar barədə danışıb: "Ət, balıq, toyuq, yumurta, moyonez, ağartı məhsulları və bunlardan hazırlanan salatlar, yeməklər, həmçinin kabablar risk qrupuna daxildir. Bu cür məhsullarla diqqətlə davranmaq lazımdır. Bəzən görürük ki, bizim restoran işçiləri-aşpazlar doğru bildikləri yanlışlıqla insanları zəhərləyirlər. Çünki saxlama qaydalarını kobud şəkildə pozurlar. Restoran, yaxud da ev fərqi yoxdur, bişirib, doğrayıb otaq temperaturunda saxlayanlar var. Həmçinin çirkli əllərlə yeməyə toxunurlar. Yaxud da doğrama taxtalarında ət doğrayırlar, sonra yenidən orada toyuq doğrayırlar. Və 7a həmin taxtanı yumadan pomidor, xiyar doğrayırlar. Beləliklə çirklənmə nəticəsində qida zəhərlənməsini ortaya qoyur. Bu gün ictimai iaşə müəssisələrinin çoxunda qida təhlukəsizliyi qaydaları pozulur. Bu ən çox şadlıq saraylarında, banket olan yerlərdə özünü göstərir".
Ekspert vurğulayıb ki, ev şəraitində hazırlanan qidalar nəticəsində də zəhərlənmələr baş verir: "Çünki bu insanlar riskli məhsullarla düzgün davranmırlar. İlk növbədə bu məhsulları alarkən baxmaq lazımdır ki, onlar qoxusunu dəyişməsin, teksturası dəyişməsin. İkinci diqqət edilməlk məqam isə odur ki, məhsulu evə gətirərkən saatlarla otaq temperaturunda saxlamasınlar. Hətta bəzən insanlar elə yerlərdən ət alırlar ki, bu yerdə qida zənciri qorunur. Amma ondan ət alıb evə gətirəndə görürlər ki, qoxu gəlir. Maşına qoyub, saatlarla orada, sonra evə aparıb 2 saat da otaq temperaturunda saxlayanda təbii ki, belə olacaq. Ona görə də əti aldıqdan sonra tezliklə bişirmək və yemək lazımdır".
A.Salamov paytaxt salatından zəhərlənmənin çox zaman moyonez və toyuğun çirklənməsi nəticəsində olduğunu deyib.
Fatimə Məmmədova
11:07 10.02.2026
Oxunuş sayı: 505