Avropada təbii qaz bahalaşır: Azərbaycanda vəziyyət necə dəyişəcək?
Avropa enerji bazarında təbii qazın qiymətlərinin yenidən yüksəlməsi enerji təhlükəsizliyi, ixrac imkanları və regional enerji balansı ilə bağlı müzakirələri aktuallaşdırıb. Qlobal bazarda formalaşan qiymət dəyişiklikləri yalnız istehlakçı ölkələr üçün deyil, eyni zamanda qaz ixrac edən dövlətlərin iqtisadi göstəricilərinə də birbaşa təsir göstərir. Bu baxımdan Avropada təbii qazın qiymətinin 412 dolları keçməsi fonunda Azərbaycanın xarici bazarlara ixrac etdiyi qazın qiymət göstəriciləri, mövcud müqavilə mexanizmləri və yaranan yeni iqtisadi imkanlar xüsusi maraq doğurur. Mövzu ilə bağlı suallarımızı mütəxəssis cavablandırır.

Məsələ ilə bağlı iqtisadçı Fuad İbrahimov Crossmedia.az-a açıqlama verib: "Burada söhbət istehlak satış qiymətindən gedir. İstehlak satış qiyməti ilə birja qiymətləri fərqli anlayışlardır. Birja qiymətləri beynəlxalq bazarlarda formalaşır və qazın dünya bazarlarında alqı-satqısı məhz həmin qiymətlər əsasında həyata keçirilir. Avropa ölkələrində isə qazın son satış qiyməti ölkədən-ölkəyə dəyişə bilər. Çünki bu qiymətlər daxili bazar şərtləri, müqavilə şərtləri və enerji siyasətindən asılı olaraq fərqlənir. Ümumilikdə qiymətlərin artması Azərbaycanın ixrac potensialından əldə olunan gəlirlərə müsbət təsir göstərir. Qaz bazarında qiymətlər adətən mövsümi xarakter daşıyır və tələbatın artdığı dövrlərdə bahalaşma müşahidə olunur. Xüsusilə Avropa qaz bazarında Rusiyanın əvvəlki payının azalması yeni boşluqlar yaradıb və bu da alternativ mənbələrə, o cümlədən ixrac imkanlarının genişlənməsinə şərait yaradır".
İqtisadçı əlavə edib ki, bununla yanaşı, mayeləşdirilmiş qazın (LNG) qiyməti boru kəmərləri ilə nəql olunan qazdan fərqlənir: "Çünki LNG üçün xüsusi infrastruktur – mayeləşdirmə qurğuları, saxlanma terminalları və xüsusi texniki avadanlıqlar tələb olunur ki, bu da qiymət formalaşmasına təsir edən əsas amillərdəndir. Bütün bu amilləri nəzərə aldıqda, qaz qiymətlərinin mövsümi olaraq artıma meyilli olması təbiidir. Bu isə Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlərin artmasına, dövlət büdcəsi gəlirlərinin yüksəlməsinə və ümumilikdə ixrac-idxal əməliyyatlarında müsbət imkanların genişlənməsinə şərait yarada bilər".
Ayhan
10:18 09.02.2026
Oxunuş sayı: 507