Azərbaycanla Özbəkistan arasında Sahibkarlar Şurası yaradılır- Detallar açıqlandı
Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq təkcə investisiya və ticarət sahələrində deyil, həm də sahibkarların birbaşa qarşılıqlı fəaliyyətini təmin edən institusional mexanizmlərin yaradılması ilə yeni mərhələyə qədəm qoyur. Bu təşəbbüslər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanovun açıqlamasına görə, hazırda Azərbaycan və Özbəkistan sahibkarları arasında daimi əlaqələri təmin edəcək Biznesmenlər Şurasının yaradılması üzərində iş aparılır. Bu qurum yaranan məsələlərin operativ həllinə, yeni birgə layihələrin təşviqinə və ticarət-sənaye palataları ilə əməkdaşlığın gücləndirilməsinə imkan verəcək. Diplomat həmçinin vurğulayıb ki, Özbəkistan-Azərbaycan münasibətləri pik həddədir və iki ölkənin müxtəlif səviyyələrdə təşkil etdiyi tədbirlər əməkdaşlığın davamlı inkişafını təmin edir.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Belə bir Şuranın yaradılması, iki ölkə arasında birbaşa əlaqələrin formalaşmasına və sistemli şəkildə inkişafına xidmət etdiyi üçün həm Azərbaycan, həm də Özbəkistan üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Qətiyyətlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanla Özbəkistan arasında çox sıx və səmimi münasibətlər mövcuddur. İki dövlət başçısı arasında formalaşmış dərin dostluq, hətta qardaşlıq əlaqələri bunu açıq şəkildə nümayiş etdirir. Bu münasibətlər istər Bakıda, istərsə də Daşkənddə keçirilən görüşlər zamanı aydın şəkildə hiss olunur. Dövlət başçılarının bir-birinə müraciət forması, davranış tərzi və qarşılıqlı etimadı xüsusi rəmzi məna daşıyır. Bu, təsadüfi deyil. Çünki liderlər arasında bu cür səmimi münasibətlər mövcud olduqda, xalqlar arasında da yaxınlıq və etimad güclənir".
Professor, həmçinin hazırda iki ölkə arasında dövlət və hökumət səviyyəsində əməkdaşlıq mexanizmlərinin artıq formalaşdığını qeyd edib: "Birgə komissiyalar fəaliyyət göstərir. Bu baxımdan, sahibkarlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün ikitərəfli Biznesmenlər və ya Sahibkarlar Şurasının yaradılması tam məntiqəuyğundur. Eyni zamanda qeyd etmək lazımdır ki, Özbəkistanda tarixən formalaşmış, güclü və nüfuzlu azərbaycanlı diasporası mövcuddur. Bu da iki xalq arasında qarşılıqlı marağın və etimadın möhkəm təməl üzərində qurulduğunu göstərir. Məhz bu amil Azərbaycan–Özbəkistan əlaqələrinin gələcəkdə də bu xətt üzrə ardıcıl inkişaf edəcəyini deməyə əsas verir. Hər iki tərəfin bir-birində real iqtisadi maraqları var. Mən bir sahibkarlıq sahəsində çalışan və biznesin inkişafına dəstək göstərən şəxs kimi bu təşəbbüsü olduqca müsbət qiymətləndirirəm. Ümumilikdə isə, istənilən ölkə ilə Azərbaycanın belə ikitərəfli biznes, iqtisadi və maliyyə şuralarının yaradılması yalnız və yalnız qarşılıqlı ticarətin genişlənməsinə və iqtisadi inkişafın sürətlənməsinə xidmət edir".
Elmir Heydər
12:02 06.02.2026
Oxunuş sayı: 518