Bəh-bəhlə yediyimiz şırdan nədir, necə hazırlanır? - BİLMƏDİKLƏRİMİZ
Son illərdə sosial medianın təsiri ilə qidalanma vərdişlərində ciddi dəyişikliklər müşahidə olunur. Müxtəlif platformalarda paylaşılan videolar, qısa yemək təqdimatları və məşhur məkanların tanıdılması bəzi yeməklərin qısa müddətdə geniş kütlələr arasında populyarlaşmasına səbəb olur. Əvvəllər yalnız müəyyən bölgələrə məxsus olan yeməklər sosial media vasitəsilə sərhədləri aşaraq yeni auditoriyalar qazanır və bir növ dəbə çevrilir. Bu proses nəticəsində insanlar fərqli dadları sınamağa daha meyilli olur, lakin bəzən yeməyin hazırlanma qaydası, sağlamlıq tərəfləri və qida təhlükəsizliyi kimi vacib məqamlar arxa planda qalır. Son dövrlərdə Azərbaycanda da sosial şəbəkələrdə tez-tez paylaşılan və populyarlaşan yeməklərdən biri şırdandır. Türkiyənin Adana bölgəsinə məxsus olan bu ənənəvi yemək sosial medianın təsiri ilə geniş yayılaraq xüsusilə gənclər arasında maraq doğuran qida nümunəsinə çevrilmişdir.
Şırdana münasibət birmənalı deyil. Bəziləri bu qidanı rahatlıqla yeyə bildikləri halda, digərləri çəkinirlər.

Şirdanın tərkibi və sağlamlığa mümkün təsirləri barədə Crossmedia.az-a danışan qida eksperti Seymur Qafarov deyib ki, şırdan qoyunun mədəsindən hazırlanan ənənəvi yeməkdir və xüsusilə Türkiyənin Adana bölgəsində məşhurlaşmışdır: "Düzgün bişirildikdə yüksək protein və vitaminlərlə zəngin olsa da, gigiyenik qaydalara əməl olunmadıqda və ya həddindən artıq istehlak edildikdə sağlamlığa zərər verə bilər. Qoyunun mədəsinin, əsasən dördüncü hissəsi içliklə doldurularaq hazırlanır. Coğrafi mənşə etibarilə ən çox Türkiyənin Adana bölgəsində tanınsa da, son illərdə Azərbaycanda da kifayət qədər populyarlaşıb. Xüsusilə özünəxidmət və ictimai iaşə obyektlərində bu məhsulun təqdimatı geniş yayılıb. Adətən axşam yeməyi kimi və daha çox qış aylarında istehlak olunur. Qoyunun mədəsi hazırlanmazdan əvvəl çox diqqətlə yuyulur və təmizlənir. İçliyinə düyü, ədviyyatlar, istiot, qırmızı bibər, bəzən soğan, yağ və digər inqrediyentlər əlavə edilir. Daha sonra mədənin ağzı tikilərək içliyin dağılmaması üçün bağlanır. Uzun müddət qaynadıldıqdan sonra bişirilir və adətən isti halda, ayran və turşu ilə süfrəyə verilir".
Ekspert əlavə edib ki, şırdanın tərkibi zülal, dəmir və vitaminlərlə zəngindir, əzələ və toxumaların bərpasına kömək edir, qan dövranı və immun sisteminin güclənməsinə müsbət təsir göstərə bilər: "Tərkibində lif olması həzm sisteminə də müəyyən fayda verir. Bununla yanaşı, qida təhlükəsizliyi baxımından məhsul sanitar-texniki və gigiyenik tələblərə uyğun hazırlanmalı, aşpazlar fərdi mühafizə vasitələrindən — əlcək, maska, önlük və iş geyimindən istifadə etməlidirlər. Əsas risklərdən biri gigiyena ilə bağlıdır. Qoyun mədəsi düzgün təmizlənmədikdə mikrob və parazit yoluxma riski yarana bilər. Yeməyin yağlı olması xolesterin səviyyəsinin artmasına səbəb ola bilər. Həddindən artıq istehlak isə mədə-bağırsaq problemləri, ağır həzm və köp kimi narahatlıqlar yarada bilər. Yanlış və ya natamam bişirilmə qida zəhərlənməsi riskini artırır. Nəticə etibarilə, şırdan yüksək qida dəyərinə malik olsa da, ağır və yağlı yemək hesab olunur. Qış aylarında doyumlu yemək kimi seçilsə də, normadan artıq istehlak edilməsi həzm problemlərinə səbəb ola bilər".
Ayhan
11:09 06.02.2026
Oxunuş sayı: 557