Kitab olmayan yerə kitab aparan gənclər
Son dövrlər kitab oxuma mədəniyyətinin zəiflədiyi bir vaxtda gənclərin təşəbbüsü ilə həyata keçirilən kitab toplama aksiyaları cəmiyyətdə ümidverici addım kimi dəyərləndirilir. Xüsusilə ucqar ərazilərdə yerləşən məktəblər və kitabxanaların kitab çatışmazlığı problemi fonunda bu cür təşəbbüslər həm maarifləndirmə baxımından, həm də oxu vərdişlərinin yenidən formalaşması üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, kitab təkcə bilik mənbəyi deyil, eyni zamanda düşünən, analiz edən və gələcəyini dərk edən cəmiyyətin əsas sütunlarından biridir.
Bu istiqamətdə həyata keçirilən təşəbbüslər sırasında daha bir nümunə diqqət çəkir. Belə ki, Gülər Abdullayeva həm Quba rayonunun Qəçrəş kəndində müəllimə kimi fəaliyyət göstərir, həm də paralel olaraq ADA Universitetində təkmilləşdirici təhsil alır. O, ADA-da təhsil alan digər tələbə yoldaşları ilə birlikdə Qazax rayonu və ətraf kəndləri əhatə edən sosial layihəyə start verib. Sözügedən layihə kənd məktəblərinin kitabla təmin olunmasına yönəlib və əsas məqsədi ucqar bölgələrdə oxuyan şagirdlərin kitaba çıxış imkanlarını artırmaqdır.
Bu cür təşəbbüslər bir daha göstərir ki, müəllimlik fəaliyyəti yalnız sinif otağı ilə məhdudlaşmır. Müəllimlik eyni zamanda cəmiyyətə töhfə vermək, fərqli düşünmək, bilik və dəyərləri paylaşmaq missiyasıdır. Belə insanların varlığı gələcək nəsillərin formalaşması baxımından xüsusi önəm daşıyır.
Mövzu ilə bağlı aksiya dəstəkçisi, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Crossmedia.az-a açıqlamasında qeyd olunan və bu işlərlə məşğul olan bir qrupun etdiyi təşəbbüsdən danışıb:

"ADA universitetinin Qazax filialında magistratura və digər təhsil alan gənclər toplaşıblar müəyyən bir vəsait toplayıblar və o vəsait hesabına kitablar alıb, ucqar yerlərə , məktəblərə, kitabxanalara kitablar hədiyyə edəcəklər . Mən də bu cür hadisələrə heç vaxt soyuqqanlı yanaşmıram. Mənə görə, hər zaman dünya məhz bu cür insanların hesabına dəyişir və cəmiyyət inkişaf edir. Bu cür insanların hesabına da istedadlı, gələcəkdə millətinə, xalqına faydalı olacaq insanlar yetişirlər".
Ş.Xuduoğlu qeyd edib ki, sözü gedən aksiya həm də kitab oxumayanları kitaba sövq etməyə kömək edir:
"Ümumiyyətlə, bu aksiya kitablaşdırma aksiyasıdır. Kitab olmayan yerə kitab aparmaq, kitab oxumayan insanı kitaba cəlb etmək məqsədi daşıyır. Əlbəttə ki, bunun da nəticəsi yüksək olacaq. Belə aksiyalar nə qədər çox olarsa, kitab da bir o qədər çox oxunar. Həmçinin düşünən insanlarımızın da sayı çox olar".
Fatimə Məmmədova
11:25 05.02.2026
Oxunuş sayı: 470