Xərçəng xəstəliyinin yaranmasının 60%-i düzgün qidalanmamaqdır
Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür. Bu gün, milyonlarla insanın həyatına təsir edən, ailələr və icmalar üçün ciddi çağırış olan səssiz və təhlükəli xəstəlik – xərçəngə qarşı birgə diqqət günüdür. Xərçəng çox vaxt xəbərdarlıq etmədən başlayır, bədənin müxtəlif hissələrinə yayıla bilir və erkən aşkar edilmədikdə müalicəsi çətinləşir. Xəstəlik yalnız fiziki sağlamlığı deyil, həm də psixoloji vəziyyəti, sosial münasibətləri və ailə həyatını ciddi şəkildə təsir edir. Həkimlər xərçəngin xəbərdarlıq siqnalları kimi səbəbsiz çəki itkisi, uzunmüddətli ağrılar, bədəndə şişliklər, davamlı yorğunluq, dəridə dəyişikliklər, yaranan xallar və uzun sürən öskürəyi qeyd edirlər. Bu əlamətləri görməzdən gəlmək həyati təhlükə yarada bilər. Erkən müayinə və diqqət xəstəliyin qarşısını almaqda və müalicənin uğurla davam etməsində həlledici rol oynayır.
Sağlam həyat tərzi və fiziki aktivlik xərçəng riskini azalda, müalicə dövründə xəstələrin həyat keyfiyyətini yüksəldə bilər. Beynəlxalq Xərçəng Nəzarəti Təşkilatı (UICC) kimi qurumlar qlobal əməkdaşlıqla bu mübarizəni gücləndirir və milyonlarla insanın xərçənglə mübarizəsinə dəstək olur.
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bu barədə Crossmedia.az-a açıqlamasında ilk olaraq bütün insanlara can sağlığı arzuladığını bildirib. O qeyd edib ki, insan həyatı üçün ən böyük mükafat məhz sağlamlıqdır və hər kəs üçün ən dəyərli nemət can sağlığının olmasıdır: "Arzu edirəm ki, heç bir insan hər hansı bir xəstəliyə yoluxmasın. Həyatda ən böyük mükafat insanın can sağlığının olmasıdır. Amma təbiidir ki, insan yaşadıqca xəstələnir. Bu gün Ümümdünya Xərcənglə mübarizə Günü kimi tarixə düşüb. Qeyd edim ki, bütün dünyada xərçəng xəstəliyi artmaqda davam edir. Belə ki, xəstəlik həm cavanlaşır, həm də artır. Həmçinin bu xəstəlik bizim ölkəmizdə də artmaqda davam edir. Burada bir sıra amillər vardır".

Həkim-onkoloq xərçəng xəstəliyinə səbəb olan amilləri qeyd edib: "Ön sırada duran amillər düzgün qidalanmamaq, başqa sözlə, "necə gəldi" qidalanmaqdır. Xərçəng xəstəliyinin yaranmasının 60%-i düzgün qidalanmamaqdır. Buraya "Fast food" qidalar: dönər, burger, bundan əlavə emal olunmuş məhsullardan istifadə etmək, qazlı içkilər içmək, yağlı qidalar daxildir. Bütün bunlar onkoloji xəstəliklərin əsas yaradıcı faktorlarından biridir. Digər sıralarda isə tütün, alkoqollar, stress faktoru, hərəkətsizliyin olması yer tutur. Bu cür məqamlara diqqət etmək lazımdır ki, xəstəliklər artmasın".
F.Museyibovun sözlərinə görə, digər risk faktoru elektron siqaretdir: "Qeyd edim ki, son dövrlər həm cavanlar, hətta qızlar arasında elektron siqaret geniş istifadə olunur. Bunların tərkibindəki zərərli maddələr adi siqaretdəm 20-30 dəfə daha çoxdur. Nə qədər bunlardan uzaq dursalar bir o qədər daha sağlam olarlar".
Fatimə Məmmədova
13:57 04.02.2026
Oxunuş sayı: 759