"Ürək çatışmazlığı mərkəzi" nin yaradılmasını həyati zərurət kimi görmürəm - Professor
Müasir tibbin əsas çağırışlarından biri ağır ürək-damar xəstəliklərinin vaxtında və düzgün şəkildə qiymətləndirilməsi, xəstələr üçün ən optimal müalicə yolunun seçilməsidir. Xüsusilə ürək çatışmazlığı kimi həyati təhlükə yaradan hallarda ixtisaslaşmış mərkəzlərin mövcudluğu səhiyyə sisteminin səmərəliliyini və xəstələrin yaşamaq şansını birbaşa müəyyən edir. Bu baxımdan, Azərbaycanda ürək çatışmazlığı üzrə ixtisaslaşmış mərkəzlərin yaradılması zərurəti gündəmə gətirilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru Yasmin Rüstəmovanın sözlərinə görə, belə mərkəzlər xəstələr üçün transplantasiya imkanlarının daha dəqiq qiymətləndirilməsinə və risklərin düzgün müəyyən olunmasına şərait yaradacaq.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Əslində, "ürək çatışmazlığı mərkəzi" anlayışının tam olaraq nəyi ifadə etdiyi - ümumi ürək-damar mərkəzi, yoxsa ürək-damar cərrahiyyəsi üzrə ixtisaslaşmış qurum olması hələ aydın deyil. Məsələn, Rusiya kimi böyük ölkədə belə mərkəzlər hələ Sovetlər dövründə Moskvada və bəzi regionlarda fəaliyyət göstərirdi. Azərbaycan isə ərazi və əhali baxımından daha kiçik dövlətdir. Hesab edirəm ki, hazırda ölkədə kifayət qədər ürək mərkəzi mövcuddur – həm dövlət, həm də özəl sektorda. Bu müəssisələr müasir tibbi avadanlıqlarla, o cümlədən anqioqrafiya sistemləri, əməliyyat otaqları və zəruri tibbi ləvazimatlarla təmin olunub. Əgər təşkilati məsələlər düzgün şəkildə qurularsa, mövcud potensialı bir mərkəz ətrafında koordinasiya etmək mümkündür. Bu yalnız ürək mərkəzlərinə deyil, digər ixtisaslaşmış tibbi sahələrə də şamil edilə bilər. Lakin hazırkı şəraitdə ayrıca "ürək çatışmazlığı mərkəzi" nin yaradılmasını həyati zərurət kimi görmürəm. Ölkədə kifayət qədər ixtisaslı mütəxəssis var və onlar müxtəlif mərkəzlərdə uğurla fəaliyyət göstərirlər".
Elmir Heydərli
12:50 04.02.2026
Oxunuş sayı: 422