Onkoloji xəstələrə şad xəbər: Həm maddi yükləri azalacaq, həm də...
Azərbaycan səhiyyə sistemində vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm institusional dəyişikliklər gündəmə gəlib. Xüsusilə uzun müddətdir yalnız dövlət tibb müəssisələri ilə məhdudlaşan onkoloji yardım sahəsində mövcud mexanizmlərin yenilənməsi ehtiyacı, həm sosial, həm də iqtisadi baxımdan aktuallıq kəsb edir. Bu sahədə alternativ xidmət imkanlarının yaradılması və vətəndaşların seçim hüququnun genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir.Məhz bu kontekstdə Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanunvericilik təşəbbüsü ölkədə onkoloji xidmətlərin təşkili modelində ciddi dəyişiklik vəd edir. Təklif edilən hüquqi mexanizmlər dövlətlə yanaşı, müvafiq lisenziyaya malik özəl tibb müəssisələrinin də bu sahədə fəaliyyətinə şərait yaradaraq, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vətəndaşların seçim imkanlarının genişlənməsinə xidmət edəcək.
Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "İlk növbədə qeyd etmək lazımdır ki, onkoloji xəstəliklər hazırda həm dünyada, həm də ölkəmizdə sürətlə yayılmaqda və getdikcə gəncləşməkdədir. Bu artımın bir sıra obyektiv səbəbləri mövcuddur. Aparılan beynəlxalq elmi araşdırmalar göstərir ki, əsas risk faktorlarının başında qidalanma durur və bu amilin payı təxminən 40–50 faiz təşkil edir. Növbəti mərhələdə isə tütün məmulatlarından və alkoqoldan geniş istifadə, fiziki hərəkətsizlik, artıq çəki, stress, travmalar və irsi meyillilik kimi faktorlar dayanır. Bütün bu amillər onkoloji xəstəliklərin artmasına birbaşa təsir göstərir. Qonşu ölkələrin, o cümlədən Türkiyə və İranın, eləcə də Avropa ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, onkoloji xəstələr həm dövlət, həm də özəl tibb müəssisələrində müayinə və müalicə olunurlar. Bu müəssisələrdə cərrahi əməliyyatlar, kimyaterapiya, şüa müalicəsi və müasir ağıllı preparatlarla müalicə həyata keçirilir. Eyni zamanda, bu xəstələrin bir qismi üçün xüsusi qulluq və sosial dəstək də vacibdir və əlillik dərəcəsinin müəyyənləşdirilməsi prosesi müvafiq qurumlar tərəfindən icra olunur. Ölkəmizdə isə uzun müddət onkoloji xəstələrin əsas müayinə və müalicə prosesi yalnız dövlət müəssisələrində həyata keçirilirdi. Əhali sayının artması və onkoloji xəstələrin çoxalması nəticəsində dövlət xəstəxanalarının yükü xeyli artmış və bu sahədə müəyyən çətinliklər yaranmışdır. Halbuki məlumdur ki, onkoloji xəstəliklər nə qədər erkən mərhələdə aşkar edilərsə, müalicənin effektivliyi və sağalma ehtimalı bir o qədər yüksək olur".

Onkoloq, həmçinin bu baxımdan Milli Məclisdə müvafiq qanunun qəbul edilməsi və özəl tibb müəssisələrinin bu prosesə cəlb olunmasının çox müsbət və vaxtında atılmış addım olduğunu bildirib: "Bu, həm pasiyentlərin maddi yükünü azaltmağa, həm də erkən diaqnostikanı genişləndirməyə imkan verəcək. Hazırda ölkəmizdə onkoloji xəstəliklərin diaqnostika və müalicəsi üçün tam təchiz olunmuş özəl klinikalar mövcuddur. Təbii ki, ilkin mərhələdə müəyyən çətinliklər yaşana bilər. Məsələn, şüa müalicəsi hələlik əsasən dövlət müəssisələrində həyata keçirilir. Lakin kimyaterapiya, laborator və instrumental müayinələr, eləcə də cərrahi əməliyyatlar özəl xəstəxanalarda da icra oluna bilər. Üstəlik, xaricdə təhsil almış, yüksək ixtisaslı və peşəkar həkim kadrlarımız mövcuddur və onlar bu sahədə yaranan ehtiyacı qarşılamaq gücündədirlər. Bütün bunları nəzərə alaraq, bu yeniliyi ümumilikdə müsbət addım kimi qiymətləndirirəm".
Elmir Heydərli
11:57 04.02.2026
Oxunuş sayı: 650