Orqan transplantasiyası ilə bağlı xarici ölkələrdən də Azərbaycana gələcəklər - İNQİLABİ UĞUR
Azərbaycanda ürək transplantasiyası sahəsində mühüm və tarixi mərhələnin başlanması gözlənilir. İlk dəfə olaraq meyit donordan ürək köçürülməsi əməliyyatlarının il ərzində planlı və proqramlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu yenilik uzun müddətdir ağır ürək-damar xəstəliklərindən əziyyət çəkən, transplantasiyaya ehtiyac duyan xəstələr üçün yeni ümid deməkdir.
Mütəxəssislərin fikrincə, bu cür əməliyyatların ölkə daxilində icrası həm xəstələrin xaricə üz tutmasının qarşısını alacaq, həm də Azərbaycanın səhiyyə sisteminin imkanlarının əhəmiyyətli dərəcədə artdığını göstərəcək. Meyit donordan transplantasiyaların tətbiqi orqan donorluğu mədəniyyətinin formalaşmasına, gözləmə siyahısında olan xəstələrin həyat şansının yüksəlməsinə və tibbin bu sahəsinin davamlı inkişafına mühüm töhfə verəcək.

Mövzu ilə bağlı həkim Şahvələd Məmmədov Crossmedia.az-a açıqlama verib: "Son dövrlərdə Azərbaycanda orqan transplantasiyasının tətbiqi səhiyyə sahəsində mühüm irəliləyiş kimi qiymətləndirilir. Bu proses təkcə ürək transplantasiyası ilə məhdudlaşmır, ümumilikdə orqan köçürülməsi sahəsində yeni imkanlar yaradır. Xüsusilə ürək transplantasiyasının ölkəmizdə həyata keçirilməsi həm səhiyyə sistemi, həm də vətəndaşlar üçün olduqca əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda ilk dəfə məhz Azərbaycanda ürək transplantasiyası həyata keçirilib. Bu fakt yerli həkimlərin və kardio-cərrahların bilik və bacarıqlarının yüksək səviyyədə olduğunu, dünya standartlarına cavab verdiyini sübut edir".
O söyləyib ki, mövcud inkişaf tempi davam edərsə, Azərbaycanda ürək transplantasiyası əməliyyatlarının sayının artacağı gözlənilir: "Gələcəkdə bu sahə üzrə ətraf regionlardan da xəstələrin ölkəmizə müraciət etməsi mümkündür. Hazırda isə bu imkanlar ilk növbədə ölkə vətəndaşlarının ehtiyaclarının ödənilməsinə xidmət edir. Ümumilikdə, transplantasiya əməliyyatlarının sayının artması ölkə üçün faydalıdır. Bu, həm səhiyyə sisteminin inkişafına, həm də insanların həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir".
Ayhan
11:00 03.02.2026
Oxunuş sayı: 533