Paylaşmasan, bədbəxt olacaqsan: Sosial mediada manipulyasiya sürətlə yayılır
Son zamanlar sosial mediada yayılan bəzi paylaşımlar diqqət çəkir: "Videonu sonuna qədər izləməsən və ya mesajı müəyyən sayda nəfərə göndərməsən, ailə üzvün bədbəxt hadisələrlə qarşılaşacaq" kimi məzmunlar. İlk baxışda bu paylaşımlar əyləncəli və ya sadəcə maraqlı görünə bilər. Lakin insanlar bu mesajların bir qismi ilə ciddi məşğul olurlar: bəzi istifadəçilər inanaraq toplu mesajlar göndərir, məsələn, 20, 50 və ya 70 nəfərə eyni mesajı yollayır. Bu, bir həftəlik dövrdə belə davranışın yayıldığını göstərir.
Məsələ ondadır ki, belə zəncir mesajlar istifadəçilər arasında narahatlıq yaradır. İnsanlar hər gün sosial mediada bu tip mesajlarla rastlaşır və bunu istəməyən, eyni zamanda bu paylaşımları görməkdən yorulan istifadəçilər də mövcuddur. Ekspertlər bildirir ki, bu, sosial mediada diqqət yayılmasını və mesajların təkrarlanmasını artırır, həmçinin istəməyən şəxslərin təcrübəsini mənfi təsir edir.
Beləliklə, bu problem yalnız fərdi istifadəçilərin deyil, ümumi sosial mediada davranış tərzinə də təsir göstərən məsələdir. İstifadəçilər arasında belə paylaşımların yayılması həm vaxt itkisinə, həm də narahatlıq yaradan situasiyalara səbəb olur. Bu barədə ekspertlər Crossmedia.az-a açıqlama verib.
Sosioloq Mail Yaqub belə paylaşımların absurd və mənasız olduğunu bildirib:
"Heç kəs Tanrının yer üzündə vəkili deyil ki, Allah tərəfindən insanlara belə çağırış edər və deyər ki, bunu paylaşmasanız bədbəxt olacaqsız. Belə mənasız sözlərə inanmaq cəhalətdir, cahillikdir. Biz müsəlmanıq, Azərbaycanlıyıq və öz düşüncəmiz, inamımızı saflaşdırmalıyıq, savad almalıyıq və kitab oxumalıyıq. Dünya görüşümüzü genişləndirməliyik. Bu cür anormal, cahilcəsinə düşüncələrə uymağın özü də cahillikdir. İnsanlar dünya görüşlərini yüksəltməlidirlər. Belə olmasa bu cür fırıldaqçılar bizi hələ çox vaxt aldadıb manupulyasiya edəcəklər. Onların hər birinin məqsədi insanların inancını götürüb manupulyasiya etməkdir. Biz imkan verməməliyik ki, kimsə bizi inancımızla manupulyasiya etsin".

İlahiyyatçı Rüfət Qarayev isə məsələni İslam dininə əsasən vurğulayıb:
"İslam dinininə dərindən nəzər yetirdiyimiz zaman görürük ki, dinimiz sevgi və mərəhəmət dinidir. Hər şey könüllülük əsasında əhayata keçirilir. Rəbbimiz heç bir bəndəsini nəyəsə məcbur etmir. Bizə Quarani-Kərimdə doğru yolu göstərərək seçim etməyimizi istəyir. Doğru yolla gedəcəyimiz təqdirdə sonda Cənnət, yanlış yol ilə gedəriksə sonda Cəhənnəmin bizi gözlədiyini bildirir. Digər tərəfdən etdiyimiz yaxşı əməllərin müqabilində savab, pis əməllərin müqabilində isə günah qazanacağımız bildirilir. Sosial şəbəkələrdə paylaşılan manipulyativ mövzulara gəldikdə isə heç bir dini əsası olmayan bu mövzular əsassız hesab olunur və icra etməyən şəxslər isə heç bir dini məsuliyyət və öhdəlik daşımır".

Həmçinin, psixoloq Gülşən Rüstəmov bildirib ki, bu manupulyativ və mövhumatlı davranışlar insanlara həddindən artıq çox təsir göstərir:
"Hətta insanlar etiraf etməsələr belə ki, "bu danışıqlara inanmırıq, boş məsələlərdi", belə deyil . İnsanlar şüuraltında buna inanırlar və insanların demək olar ki, əksəriyyəti bu fəaliyyəti yerinə yetirirlər. Lakin başqaları ilə bölüşmürlər. Daxilində bir inam, duyğu olur və onları dartır ki, bu fəaliyyəti yerinə yetirsinlər. Ümumiyyətlə, insan sosial varlıqdır, biz nə qədər inkar etsək də, nə qədər özümüzə qapanmaq istəsək də, nə qədər cəmiyyətin fikrinin bizə təsir göstərmədiyini desək də gerçəkdə belə deyil. Belə ki, insan sosial varlıqdır deyə cəmiyyətdə yaşayır. İstər-istəməz ünsiyyət zəminində yaxın çevrəsinin dedikləri ona çox təsir göstərir. Bununla mübarizə aparmağın yolu ancaq psixoloji immuniteti möhkəmləndirməkdir".

Psixoloq təəssüflə qeyd edib ki, əgər bir insan valideynlərindən belə inancların təkrarlandığını görürsə yaşından aslı olmayaraq övlad bu davranışı təkrar edəcəkdir.
Fatimə Məmmədova
10:42 03.02.2026
Oxunuş sayı: 389