Məşhur pinqvin niyə bu qədər sevildi? : İnsanlar düşünürlər ki...
Təxminən bir həftədir ki, hər kəs o pinqvindən danışır. Koloniyasını, yüzlərlə digər pinqvini tərk edərək başqa istiqamətə gedən və özünü ölümə təslim edən pinqivindən. Almaniyalı rejissor Verner Hersoq 2007- ci ildə "Encounters at the End of the World" ("Dünyanın sonunda görüşlər") sənədli filmini çəkərkən o məşhur kadrları lentə alıb. İndi həmin kadrların üzərindən 20 il keçib. Və birdən görüntülər yenidən gündəmə gəldi. Niyə? Daha vacib və sktual sual isə budur: həmin pinqvin sosial şəbəkə istifadəçiləri arasında niyə bu qədər sevildi? Hətta pərəstişkarları da yarandı.
Sosial şəbəkələrdə və ictimai müzakirələrdə yayılan pinqivin obrazı sadəcə bir heyvan davranışı kimi deyil, daha dərin mənalar daşıyan simvol kimi qəbul olunmağa başladı. İnsanlar bu obrazda öz daxili dünyalarını, cəmiyyət içində yaşadıqları ziddiyyətləri və bəzən ifadə edə bilmədikləri hissləri gördülər. Xüsusilə də kütlədən fərqli olmaq, hamı kimi düşünməmək və öz yolunu seçmək istəyi bu obraz üzərindən geniş şəkildə şərh edildi.
Bu barədə Crossmedia.az-a danışan psixoloq Aynur İskəndərova söyləyib ki, pinqivin bu qədər diqqət çəkməsinin əsas səbəbi insanların özlərini həmin obrazda görməsidir: “Bəzi müəssisələr bu obrazdan reklam məqsədilə istifadə etdilər. Amma məsələ təkcə reklamla bitmir. Burada əsas məqam kütlədən ayrılmaq, hamı kimi düşünməmək və öz istədiyi kimi davranmaq istəyidir. İnsanlar bəzən etmək istədiklərini edə bilmirlər və bu arzularını həmin obrazda görürlər. Ona görə də pinqivinin davranışı onlara bu qədər maraqlı və cəlbedici gəlir".

Psixoloqun sözlərinə görə, bu davranışın elmi – bioloji izahı da mövcuddur: "Alimlərin fikrincə, pinqivin bu hərəkətinin müəyyən bioloji əsasları var. Lakin insanlar bu faktı psixoloji aspektdən şərh edərək onu öz daxili dünyaları ilə eyniləşdirirlər. İnsanlar bu obrazı olmaq istədikləri bir model kimi qəbul edirlər. Məsələyə daha çox psixoloji məna verilir. Son illərdə isə cəmiyyətdə maraqlı bir tendensiya yaranıb – insanlar tənha olmasalar belə, özlərini tənha hiss edirlər. Bu hal əsasən insanların anlaşılmadıqlarını düşünməsindən qaynaqlanır. Ətrafda ailə, dostlar olsa da, insan elə vəziyyətə düşür ki, fikirlərini bölüşə bilmir. Düşünür ki, onu anlamayacaqlar, irad bildirəcəklər. Bu səbəbdən də susmağa, öz içinə çəkilməyə üstünlük verir. İnsanlar tənha deyillər, sadəcə tənha hiss edirlər. Bu tendensiya eyni zamanda sosial normalara qarşı daxili etirazın göstəricisidir. Cəmiyyətin bizə təqdim etdiyi qaydalar, gözləntilər var. Bunlar həyatın davamı üçün vacibdir. Amma çox zaman insanlar bunları istədikləri üçün yox, məcbur olduqları üçün edirlər. Pinqivin davranışı isə sanki bu məcburiyyətə qarşı çıxışı simvolizə edir. Pinqivin təhlükəyə doğru getməsi insanların daxili qorxuları ilə səsləşir. İnsanlar düşünürlər ki, əgər axından kənara çıxsalar, qəbul olunmayacaqlar. Buna görə də istəməsələr belə, hamı kimi davranırlar. Pinqivin davranışı isə həmin daxili istəyi açıq şəkildə göstərir və bu da insanların "sarı siminə" toxunur".
Mehriban Yariyeva
13:23 02.02.2026
Oxunuş sayı: 887