Diqqət etmədiyimiz təhlükə: Tüstü bacaları!
Qış mövsümünün gəlişi ilə birlikdə məişətdə təhlükəsizlik məsələləri yenidən gündəmə gəlir. Xüsusilə qapalı məkanlarda isitmə və qaz avadanlıqlarından düzgün istifadə edilməməsi ağır nəticələrə yol aça bilir. Rəngi və qoxusu olmayan, lakin son dərəcə təhlükəli olan dəm qazı hər il onlarla insanın sağlamlığına ciddi zərər vurur, bəzən isə faciə ilə nəticələnir. Dəm qazından zəhərlənmə halları bir daha göstərir ki, bu təhlükə hələ də aktuallığını qoruyur və ciddi diqqət tələb edir.
Bu barədə Crossmedia.az-a danışan təhlükəsizlik eksperti Orxan Musayev qeyd edib ki, yay fəslinin başa çatması ilə havalar tədricən soyumağa başlayır: "Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamin və digər istilik qurğularından istifadə yenidən gündəlik həyatımıza daxil olur. Lakin çox vaxt diqqətdən kənarda qalan, amma insan həyatı üçün birbaşa təhlükə mənbəyinə çevrilən ciddi bir məsələ var. Bu da tüstü bacalarının vəziyyətidir.
Tüstü bacaları evin tüstüsünü bayıra çıxaran sadə bir hissə kimi görünsə də, düzgün işləməyən baca insan həyatı üçün böyük təhlükə yaradır. Çünki dəm qazı zəhərlənməsi, yanğın və digər ağır faciələrin başlanğıcı məhz buradan qaynaqlanır. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları qeydə alınır və bu hadisələrin böyük əksəriyyəti ölümlə nəticələnir. Statistik göstəricilərə əsasən, hər il onlarla insan məhz dəm qazı səbəbindən həyatını itirir.
Baş verən hadisələrin əsas səbəblərindən biri tüstü bacalarının vaxtında təmizlənməməsi və texniki nasazlıqlardır. Bir çox fərdi evlərdə bacalar illərlə təmizlənmir. Çoxmərtəbəli binalarda isə tüstü bacalarının və ventilyasiya sistemlərinin təmizlənməsi mənzil-kommunal təsərrüfatı idarələrinin və ya MTK-ların öhdəliyinə düşsə də, bu işlər əksər hallarda lazımi səviyyədə icra olunmur".
Ekspert, həmçinin qeyd edib ki, problemin ən ciddi tərəflərindən biri bacaların köhnəlməsidir: "Sovet dövründə tikilmiş binalarda və köhnə fərdi evlərdə uzun illər təmizlənməyən tüstü bacaları artıq yararsız vəziyyətə düşüb. Çatlar, qopmuş kərpiclər, tutulmuş kanallar dəm qazının evin daxilinə dolmasına şərait yaradır. Digər təhlükəli amil isə insanların qeyri-peşəkar müdaxiləsidir. Çox vaxt ev sahibləri bacaları özləri açmağa və təmizləməyə çalışırlar. Lakin bu, problemi həll etmir, əksinə, riski daha da artırır. Çünki düzgün təmizlənməyən baca zədələnə bilər və qaz sızması baş verə bilər. Bu işlərin icrası mütləq şəkildə ixtisaslaşmış qurumlar tərəfindən həyata keçirilməlidir. Tüstü bacalarını kim təmizləməlidir və insanlar hara müraciət etməlidir? Bu suallar da olduqca vacibdir. Qanunvericiliyə görə, fərdi evlərdə bacaların işlək vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətidir. Çoxmərtəbəli binalarda isə bu öhdəlik mənzil-kommunal idarələrinin və MTK-ların üzərinə düşür. Lakin real vəziyyətdə insanlar çox vaxt çaşqınlıq içində qalırlar, çünki müraciət edəcəkləri konkret qurumu bilmirlər. Bu sahədə dövlət səviyyəsində vahid qayda və vahid xidmət sistemi yaradılmalıdır. Tüstü bacalarının təmizlənməsi yalnız ixtisaslaşmış xidmətlər tərəfindən həyata keçirilməlidir. İstər fərdi ev sahibi olsun, istərsə də çoxmərtəbəli binada yaşayan sakin — vətəndaş yalnız dövlət tərəfindən tanınan rəsmi quruma müraciət etməlidir. Bu halda məsuliyyətin yayılması problemi aradan qalxar və xidmətin keyfiyyətinə zəmanət verilər. Belə bir sistemin yaradılması insanlara dəqiq şəkildə hara müraciət etməli olduqlarını göstərəcək, dövlətə isə bacaların vəziyyətinə effektiv nəzarət imkanı verəcək. Bu da ölkədə dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün əsas addımlardan biri olar.
Beynəlxalq təcrübədə geniş tətbiq olunan dəm qazı detektorlarının rolu da xüsusi qeyd olunmalıdır. Dəm qazı detektoru kiçik və sadə qurğudur, batareya ilə işləyir, baha deyil, lakin həyati əhəmiyyət daşıyır. Qaz evdə toplanmağa başlayanda cihaz səs siqnalı verir və insan dərhal təhlükəni anlayaraq lazımi tədbirlər görə bilir. Avropa ölkələrində bu cihazların istifadəsi məcburi xarakter daşıyır. Məsələn, Böyük Britaniya, Almaniya və Skandinaviya ölkələrində qaz qurğusu quraşdırılan hər bir evdə dəm qazı detektoru da quraşdırılır. Bu, qanuni tələbdir və illərin acı təcrübəsi nəticəsində qəbul edilib. Həmin qaydalar minlərlə insanın həyatını xilas edib.
Təəssüf ki, ölkəmizdə bu praktika hələ geniş yayılmayıb. Halbuki hər bir evdə qaz detektoru quraşdırılsa, dəm qazı faciələrinin böyük hissəsinin qarşısını almaq mümkün olar. Bir daha vurğulamaq lazımdır ki, tüstü bacalarının təmizliyi və təhlükəsizliyi sadəcə texniki məsələ deyil, bu, birbaşa həyat və ölüm məsələsidir. Hər il ölkəmizdə baş verən dəm qazı faciələrinin qarşısını almaq mümkündür. Bunun üçün sadəcə hər birimiz məsuliyyətli olmalı, bacaların vaxtında təmizlənməsinə və təhlükəsizlik tədbirlərinin fasiləsiz şəkildə yerinə yetirilməsinə ciddi diqqət yetirməliyik".
Ayhan
13:11 02.02.2026
Oxunuş sayı: 475