Tıxaclara SON: Bakının mərkəzinə yeni tramvay xətti planlaşdırılır
Bakıda ictimai nəqliyyatın təkmilləşdirilməsi istiqamətində yeni addımlar atılır. Bu addımlardan biri də Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasınadək uzanan tramvay xəttinin salınması ilə bağlıdır.
Qeyd olunur ki, Mehdiabad –“28 May” istiqaməti həm sərnişin sıxlığı, həm də şəhərin mərkəzinə birbaşa çıxış baxımından xüsusi əhəmiyyət daşıyır. Bu marşrutun fəaliyyətə başlaması ilə şəhərətrafı ərazilərdən mərkəzə hərəkətin daha rahat və planlı şəkildə təşkili məqsəd qoyulur. Məsələ ondadır ki, hazırda bu və oxşar istiqamətlərdə nəqliyyatın əsas yükü avtobusların üzərindədir. Avtobus marşrutlarının sayının artırılması isə hər zaman problemi köklü şəkildə həll etmir. Nəticədə müəyyən saatlarda nəqliyyat sıxlığı yaranır, sərnişinlər vaxt itirir, işə, təhsilə və digər ünvanlara gecikmələrlə üzləşirlər.
Ümumilikdə Bakının bəzi ərazilərində yaranan tıxaclar artıq təkcə rahatlıq məsələsi deyil, gündəlik həyat ritminə təsir edən ciddi problem kimi qiymətləndirilir. Bu səbəbdən şəhərdə zaman-zaman dəmir yolu əsaslı ictimai nəqliyyat növlərinə – sürət qatarlarına, şəhərətrafı qatar xətlərinə və tramvaylara üstünlük verilməsi müzakirə olunur. Mütəxəssislər hesab edirlər ki, xüsusilə metro xəttinin çəkilməsinin mümkün olmadığı istiqamətlərdə tramvay nəqliyyatı alternativ çıxış yolu kimi daha məqsədəuyğundur.
Bu baxımdan Mehdiabad–“28 May” marşrutu üzrə planlaşdırılan tramvay xətti də şəhər nəqliyyatında yükün azaldılması və hərəkətin daha səmərəli təşkili üçün atılan addımlardan biri kimi dəyərləndirilir. Bu barədə ekspertlər Crossmedia.az-a açıqlama verib.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakının əlaqəsi istiqamətin 2025-2030-cu illər ərzində bu barədə dövlət proqramı təsdiq olunur:
"Belə ki, burada fərqli layihələr var və bunların kompleks şəkildə icrası məhz insanlara ciddi alternativlərin formalaşdırılmasına zəmin yaradacaq. Burada dairəvi radial yolun çəkilməsi, sonradan metronun inkişafı, dəmir yolunun, tramvayın inkişafı, avtobus parkının yenilənməsi, piyada infrastrukturunun təkmilləşdirilməsi, mikromobilinin inkişafı kimi layihələrin tam icrası şəhərdə ciddi alternativ formalaşdırır. Bu layihələrdən biri də tramvay layihəsidir. Tramvayda ilkin olaraq o istiqamətlər seçilir ki, orada metro və dəmir yolu yoxdur".

Ekspert qeyd edib ki, hazırda mövcud avtobusların daşıma gücü yetmir:
"Buna görə də ilkin istiqamət 28 May–Mehdiabad müəyyən olunur. Bu istiqamətdə tramvayın çəkilməsi 2030-cu ilə qədər nəzərdə tutulur. Ondan sonrakı mərhələlərdən isə bu, beş istiqamətdən biri olacaq.
Daha sonra Pirşağı - 28 May , 28 May- Bayıl, 28 Maydan Nargiləni keçməklə Həzi Aslanov istiqamətinə və Mehdiabaddan bir istiqamət olaraq Ağ şəhər istiqamətinə , oradan isə ümumi şəbəkəyə qoşulmaqla əlaqə təmin ediləcək".
Bakının bütün ərazisini əhatə edən tramvay şəbəkəsinin nəzərdə tutulmadığını bildirən nəqliyyat eksperti Elməddin Muradlı isə konkret marşrutların artıq müəyyənləşdirildiyini qeyd edib:

"İlkin mərhələdə Mehdiabad–“28 May”, Sea Breeze və Bayıl istiqamətləri üzrə tramvay xətlərinin çəkilməsi planlaşdırılır. Sea Breeze ərazisi artıq iri yaşayış və istirahət kompleksi kimi formalaşıb və bu da alternativ ictimai nəqliyyat həllini zəruri edir. Bayıl istiqaməti də eyni səbəblərlə layihəyə daxil edilib:
“Lakin şəhərin hər yerində tramvay xətti görməyəcəyik. Belə bir layihə yoxdur. Bakı artıq əvvəlki şəhər deyil, plansız və sıx tikinti şəhərin nəqliyyat strukturunu ciddi şəkildə çətinləşdirib. Sovet dövründən qalan tramvay xətlərinin bərpası da gündəmdə deyil. Hazırda yalnız üç istiqamət müəyyənləşdirilib və onlar icra olunacaq. Gələcək mərhələlərdə əlverişli marşrutlar müəyyənləşərsə və real üstünlüklər ortaya çıxarsa, bu barədə yenidən düşünmək olar”.
Ekspertin sözlərinə görə, marşrutların seçimi əsasən həmin ərazilərdə ictimai nəqliyyatın yetərincə inkişaf etməməsi ilə bağlıdır:
“Bu istiqamətlərdə ya ictimai nəqliyyat zəifdir, ya da sərnişinlər yalnız avtobuslardan asılı vəziyyətdədir. Avtobusların və ya marşrutların sayını artırmaqla problemi tam həll etmək mümkün deyil. Bəzi ərazilərdə metro xəttinin çəkilməsi də artıq mümkün deyil. Bu səbəbdən tramvay alternativ ictimai nəqliyyat növü kimi nəzərdə tutulur və vəziyyətdən çıxış yolu kimi dəyərləndirilir”.
Fatimə Məmmədova
10:09 31.01.2026
Oxunuş sayı: 1335