Saxta içkiləri necə ayırmalı və necə qorunmalı? - Ekspertlər danışdı
Son dövrlərdə qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran əsas məsələlərdən biri də saxta və standartlara cavab verməyən içkilərin dövriyyəyə buraxılmasıdır. Aparılan araşdırmalara əsasən yalnız keçən il Azərbaycanda 8,197 saxta içkilə aşkarlanıb. İstehlakçıların sağlamlığını birbaşa risk altına atan bu məhsullar, əksər hallarda nə mənşəyi, nə də tərkibi məlum olan xammaldan hazırlanır. Texniki şərtlərə əməl edilmədən istehsal olunan saxta içkilər təkcə iqtisadi fırıldaqçılıq deyil, eyni zamanda ciddi ictimai sağlamlıq problemidir. Bu cür məhsulların tərkibində toksik və kanserogen maddələrin olması ehtimalı isə vəziyyəti daha da təhlükəli edir. Məhz bu səbəbdən saxta içkilər məsələsi qida təhlükəsizliyi kontekstində xüsusi diqqət və ciddi nəzarət tələb edən sahələrdən biridir.
Bu barədə Crossmedia.az-a danışan həkim Şahvələd Məmmədov söyləyib ki, şaxta alkoqollu içkilərlə bağlı mövzu genişdir və bu problem dünyanın bütün ölkələrində mövcuddur: "Hər yerdə bu cür məhsullara rast gəlinir və onlarla mübarizə aparılır. Ölkəmizdə də saxta alkoqollu içkilərin istehsalı və satışı halları aşkarlanır, bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər görülür.

Saxta içkilərin insan orqanizminə təsiri son dərəcə ağırdır. Xüsusilə metil spirti tərkibli içkilər ciddi zəhərlənmələrə səbəb olur və qısa müddət ərzində ölüm hallarına gətirib çıxara bilir. Bundan başqa, ev şəraitində, qeyri-peşəkar üsullarla hazırlanan, tam təmizlənməmiş spirtli içkilər də güclü toksik təsirə malikdir. Bu içkilər əsasən qaraciyərə, beyinə və böyrəklərə zərər vurur.
Zaman keçdikcə və yaş artdıqca bu toksiki təsirlərin fəsadları daha aydın şəkildə üzə çıxır. Nəticədə beyin qan dövranı pozğunluqları, qaraciyər xəstəlikləri, qaraciyər sirrozu və qaraciyər ensefalopatiyası kimi ağır sağlamlıq problemləri meydana gəlir".
Qida təhlükəsizliyi eksperti Seymur Qafarov isə bildirib ki, saxta içkiləri tanımaq üçün ən vacib addım etibarlı mağazadan alış etməkdir: "Saxta içkilər çox vaxt metanol kimi zəhərli maddələr ehtiva edir və bu, korluq, qaraciyər-böyrək çatışmazlığı, hətta ölümə səbəb ola bilər.

Saxta içkiləri necə tanımaq olar?
Alıcılar içki alarkən bir çox məqama diqqət etməlidirlər: İçkinin üzərində rəsmi aksiz markasının olması əsas məqamdır.Saxta içkilərdə çox vaxt saxta və ya keyfiyyətsiz çap olunmuş aksiz markaları olur. Etiketdə yazılar silik, bulanıq və ya səhv yazılmış ola bilər, qablaşdırma və dizayn. Orijinal məhsulların qablaşdırması keyfiyyətli olur. Saxta içkilərdə şüşə, qapaq və etiketdə uyğunsuzluqlar görünə bilər. Həmçinin Qapağın açılıb-açılmadığını yoxlamaq lazımdır. Əgər qapaq boş və ya təkrar bağlanmış kimi görünürsə, risklidir. Normaldan xeyli ucuz satılan içkilər şübhəli ola bilər. Keyfiyyətli spirtli içkilərin qiyməti sabit olur. Küçədə, qeyri-rəsmi məntəqələrdə satılan içkilərdən uzaq durun. Etibarlı mağaza və rəsmi distribyutorlardan alış edin".
Ekspert həmçinin bildirib ki, saxta içkilərin ən böyük təhlükəsi onların tərkibində metanol, yəni metil spirti kimi zəhərli maddələrin olmasıdır: Kəskin zəhərlənmə, başgicəllənmə, ürəkbulanma, qusma, qarın ağrısı, şüur itkisi və komaya düşmə riski olur.
Metanol görmə sinirini zədələyir, nəticədə korluq yarana bilər. Qaraciyər və böyrəklərdə ciddi zədələnmələr. Sinir sisteminə toksik təsir, daimi nevroloji problemlər. Həmçinin bu içkilərdən istifadə uzunmüddətli nəticələrə gətirib çıxara bilər. Belə ki, saxta içkilərin davamlı istifadəsi orqanizmdə yığılan toksinlər səbəbindən xroniki xəstəliklərə, erkən əlilliyə və ölümlərə səbəb ola bilər".
Ayhan
15:45 28.01.2026
Oxunuş sayı: 563