Portağal adı altında zəhər yeyirik? - Sirlər açıldı
Azərbaycanda qida təhlükəsizliyi sahəsində aparılan nəzarət tədbirləri çərçivəsində idxal olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi mütəmadi olaraq yoxlanılır. Bu proses istehlakçıların sağlamlığının qorunması və bazara yararsız məhsulların çıxarılmasının qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu kontekstdə məlum olub ki, ötən il Azərbaycana idxal edilən müəyyən həcmdə portağalda insan sağlamlığı üçün təhlükə yarada biləcək rəngləndirici maddələr aşkarlanıb. Məsələ ilə bağlı rəsmi açıqlama Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı verilib.
Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bu, qida sənayesində daha nadir, amma baş verə bilən bir praktikadır. Xüsusilə ticarət baxımından vizual cəlbedicilik üçün istifadə olunur. Əlbəttə, zərərli tərəfləri var.
Portağalın qabığına vurulan süni boyalar dəridən keçə, meyvənin içinə nüfuz edə bilər. Bəzi sintetik boyalar, xüsusilə E110, E104, E122 tipli allergik reaksiyalar, həzm pozğunluqları və uzunmüddətli toksik təsirlərə səbəb ola bilər. Uşaqlar və həssas şəxslər üçün daha risklidir, çünki onların həzm sistemi və immuniteti böyüklərə nisbətən həssasdır".
O, bu cür portağalların necə fərqləndirə biləcəyimiz barədə də danışıb: Qabığın parlaq, qeyri-təbii görünməsi bunun bariz təzahürüdür. Təbii portağalın rəngi yumşaq narıncıdır, parlaq və plastik kimi görünürsə, boya ola bilər. Süni boya vurulmuş qabıq bəzən toxunduqda yapışqan hiss verə bilər.
Portağalın qabığını suda bir neçə dəqiqə saxlamaq tövsiyə olunur. Əgər su rənglənirsə və ya qabıqdan rəng çıxırsa, ehtimal ki, süni boya istifadə olunub.
Bəzi istehsalçılar qabığa boya tətbiqini qanuni şəkildə qeyd edirlər, amma bu hər zaman etiketdə olmaya bilər".
Müsahibimiz söyləyib ki, belə portağallar satışda da var: "Bazarda, xüsusilə görünüşü çox parlaq portağallarda bu hallara rast gəlinə bilər. Alarkən diqqətli olmaq lazımdır. Mümkün mənfi təsirlərdən qorunmağın ən sadə və təhlükəsiz yolu portağalı yuyub qabığını mümkün qədər təmizləməkdir. Qabığın özünü soymaq və meyvəni yemək süni boyanın riskini azaldır".
Elmir Heydərli
12:30 28.01.2026
Oxunuş sayı: 417