Paket çayların insan sağlamlığına hansı mənf təsirləri var?
Müasir dövrdə sürətli həyat tərzi və vaxt qıtlığı insanların gündəlik vərdişlərinə də birbaşa təsir göstərir. Bu səbəbdən birdəfəlik, paket çaylar praktikliyi, əlçatanlığı və asan hazırlanması ilə geniş kütlələr tərəfindən istifadə olunur. Lakin bu rahatlığın arxasında insan sağlamlığı baxımından ciddi risklərin gizlənib-gizlənmədiyi sualı aktuallığını qoruyur. Xüsusilə ucuz qiymətə təklif olunan paket çayların tərkibində istifadə edilən xammalın keyfiyyəti, müxtəlif kimyəvi qatqılar, süni rəngləndiricilər və aromatizatorlar sağlamlıq üçün potensial təhlükə mənbəyi kimi qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, uzun müddət keyfiyyətsiz paket çaylardan istifadə orqanizmdə maddələrin yığılmasına, maddələr mübadiləsinin pozulmasına və müxtəlif xroniki xəstəliklərin yaranmasına zəmin yarada bilər. Bu məhsulların istehsal prosesinin şəffaf olmaması, istehlakçıların tərkib barədə kifayət qədər məlumatlandırılmaması isə narahatlığı daha da artırır. Məhz bu baxımdan paket çayların insan sağlamlığına mümkün təsirləri, hansı xəstəliklərə yol aça biləcəyi və bu risklərdən necə qorunmaq olar sualları cəmiyyət üçün mühüm müzakirə mövzusuna çevrilib.
Qida təhlükəsizliyi eksperti Fərid Səfərov bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, paket (filtr) çaylar rahat istifadəsinə görə geniş yayılsa da, onların sağlamlıqla bağlı bəzi riskləri müzakirə olunur: "Bu risklər əsasən istifadə olunan xammalın keyfiyyəti və paketin, yəni filtrin tərkibi ilə bağlıdır. Əvvəla, bir çox paket çayda tam yarpaq çay əvəzinə xırdalanmış çay tozu istifadə olunur. Bu isə antioksidantların keyfiyyət və miqdarının azalmasına, eyni zamanda çayın dad və faydasının zəifləməsinə səbəb ola bilər. Xırdalanma zamanı çayın səth sahəsi artdığı üçün pestisid və ağır metal qalıqlarının çaya keçmə ehtimalı da yüksələ bilər. Digər vacib məqam filtr materialıdır. Bəzi paket çaylar plastik (neylon, polipropilen) tərkibli filtrdə satılır. İsti su ilə təmas zamanı bu materiallardan mikroplastik hissəciklərin çaya keçə biləcəyi ilə bağlı elmi araşdırmalar mövcuddur. Uzunmüddətli istifadə zamanı mikroplastiklərin orqanizmdə yığılması sağlamlıq üçün potensial risk hesab olunur".
Ekspert əlavə edib ki, bundan əlavə, paket çaylarda dadı və rəngi sabit saxlamaq üçün süni dadlandırıcı istifadə oluna bilər: "Bu maddələr mütəmadi və həddindən artıq istifadə edildikdə bəzi insanlarda mədə-bağırsaq narahatlığı və allergik reaksiyalar yarada bilər. Riskləri azaltmaq üçün isə etibarlı və nəzarət olunan istehsalçıların məhsullarını seçmək, kağız və ya ağardılmamış filtrli çaylara üstünlük vermək, mümkün olduqda yarpaq çay istifadə etmək, çayı normadan artıq dəmləməmək və həddindən artıq isti içməmək tövsiyə olunur. Nəticə olaraq, paket çaylar tamamilə zərərli hesab olunmasa da, keyfiyyətsiz və düzgün seçilmədikdə sağlamlıq üçün risk yarada bilər. Seçim zamanı tərkibə və filtr materialına diqqət etmək bu riskləri minimuma endirir".
Birdəfəlik çayların insan sağlamlığına təsiri barədə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla isə söyləyib ki, istər paket çay olsun, istərsə də açıq şəkildə dəmləmək üçün nəzərdə tutulan çaylar — əgər onların keyfiyyət parametrləri aşağıdırsa, hansı formada olmasının fərqi yoxdur: "Belə çayların hər biri orqanizm üçün ziyanlıdır. Təəssüflər olsun ki, bu gün müxtəlif rəngli və keyfiyyəti aşağı olan çaylar geniş yayılıb və dünyanın əksər ölkələrində marketlərdə asanlıqla tapmaq mümkündür. Çay kifayət qədər bahalı məhsuldur və həqiqətən, keyfiyyətli çaylar ucuz olmur. Bu səbəbdən marketlərdə üzərində yazılan aşağı qiymətlərlə yüksək keyfiyyətli çay tapmaq real görünmür. Ona görə də istər paket çay olsun, istərsə də açıq dəmlənən çaylar — əsas məsələ onların ilkin keyfiyyətidir.
Paket çaylara gəldikdə isə, istehlakçı adətən onun içərisində nə olduğunu görmür, görsə belə, tərkibini dəqiq bilməsi mümkün olmur. Bəzi keyfiyyətsiz çaylar dəmləmə prosesində də özünü büruzə verir. Normal, keyfiyyətli çay dəmləndikdə boğazda yüngül büzüşmə hissi yaradır və içinə limon əlavə edildikdə xarab olmur. Rənglənmiş və keyfiyyətsiz çaylarda isə limon əlavə olunduqca rəng parçalanır və çayın dadı, ümumilikdə orqanoliptik xüsusiyyətləri tamamilə dəyişir.
Məhz bu orqanoliptik xüsusiyyətləri əsl çay içənlər yaxşı bilirlər. Bundan əlavə, çayın təsiri də mühüm göstəricidir. Çay analiptik təsirə malikdir — yorğunluğu azaldır, bədəni tonuslandırır və maddələr mübadiləsini stimullaşdırır. Bu təsirlər çay qəbul edildikdən sonra orqanizmdə hiss olunmalıdır".
Ekspert əlavə edib ki, hansı xəstəliklərin yarana biləcəyinə gəldikdə isə, bu, birbaşa ucuz çayın tərkibindən, yəni istifadə olunan qatqılardan asılıdır: "Təəssüflər olsun ki, ucuz çayların bir çoxunda müxtəlif rəngləndiricilər, qida boyaları və digər əlavə maddələrdən istifadə olunur. Bu maddələr orqanizmdə zamanla kumulyasiya oluna bilir və onların uzunmüddətli təsirləri hələ tam şəkildə öyrənilməyib. Bu qatqıların kanserogen, teratogen və digər mənfi təsirlərə malik olub-olmaması ilə bağlı dəqiq nəticələr yoxdur. Lakin istənilən halda düşünürəm ki, insan sağlamlığını qorumaq üçün zərərli qida məhsullarından maksimum dərəcədə uzaq durmaq lazımdır".
Ayhan
16:31 27.01.2026
Oxunuş sayı: 567