Dəm qazından necə qoruna bilərik? -Ekspert açıqladı
Məişətdə qaz cihazlarından istifadə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, bu rahatlıq bəzən ciddi təhlükələrlə müşayiət oluna bilir. Son illərdə dəm qazından zəhərlənmə, qaz sızması və partlayış halları göstərir ki, qaz avadanlıqlarının düzgün quraşdırılmaması və təhlükəsizlik qaydalarına əməl edilməməsi ağır nəticələrə yol aça bilər. Qazın fiziki-kimyəvi xüsusiyyətləri onun həm yanıcı, həm də partlayıcı olmasını şərtləndirir və bu da məsuliyyətsiz istifadə zamanı insan həyatı üçün real təhlükə yaradır. Bu baxımdan məişətdə qaz cihazlarının istismarı zamanı təhlükəsizlik məsələləri daim diqqət mərkəzində saxlanılmalı, havalandırma, ventilyasiya, tüstü bacalarının işlək vəziyyəti və müasir təhlükəsizlik vasitələrinin tətbiqi vacib şərt kimi qəbul edilməlidir. Dəm qazının səssiz və hiss edilmədən təsir göstərməsi isə bu təhlükəni daha da ciddiləşdirir və profilaktik tədbirlərin görülməsini zəruri edir.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Crossmedia.az-a açıqlama verib: "Ümumiyyətlə, məişətdə qaz cihazlarından istifadə olunursa, təhlükəsizlik məsələsi mütləq ön planda saxlanılmalıdır. Qazın təhlükəsiz istismarı təmin edilməlidir. Çünki qazın fiziki-kimyəvi xassələri yanma və partlayış riski yaradır, düzgün istifadə olunmadıqda isə dəm qazının əmələ gəlməsinə səbəb ola bilər. Buna görə də məişətdə qaz cihazlarının təhlükəsiz istismarı və təhlükəsizlik qaydalarına riayət olunması tələb olunur. Məişətdə qaz cihazı quraşdırılıbsa, mütləq həmin otaqda havalandırma təmin edilməlidir. Otaqda ventilyasiya sistemi, nəfəslik olmalı, tüstü bacası isə işlək vəziyyətdə və mövcud normativ standartlara uyğun qurulmalıdır. Bundan əlavə, otaqda qaz sızması və dəm qazına qarşı xüsusi detektorların quraşdırılması vacibdir. Dəm qazı əleyhinə detektorlar təhlükəli qaz konsentrasiyası yarandıqda səs siqnalı vasitəsilə istifadəçini xəbərdar edir və insanın bu təhlükənin qurbanına çevrilməsinin qarşısını almağa kömək edir".

Ekspert əlavə edib ki, dəm qazının yaranması halları daha çox hamam otaqlarında müşahidə olunur: "Təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazlarının quraşdırılması məqsədəuyğun hesab edilmir. Lakin belə cihazlar artıq quraşdırılıbsa, təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Hamam otağında mütləq ventilyasiya, nəfəslik və havalandırma sistemi olmalı, qapının aşağı hissəsində hava dövranını təmin edən xırda dəliklər yerləşdirilməlidir. Otağın həcmi minimum 7,5 kubmetr, tavanın hündürlüyü isə azı 2,2 metr olmalıdır. Tüstü bacası standartlara uyğun və tam işlək vəziyyətdə olmalı, həmçinin dəm qazına qarşı detektor quraşdırılmalıdır. Bu tələblərə əməl edildiyi halda təhlükəsizlik tədbirləri təmin olunmuş sayılır və insanların dəm qazından zəhərlənmə riskinin qarşısı alınır. Dəm qazı natamam yanma məhsuludur və yanma prosesi düzgün getmədikdə yaranır. Qazın yanması üçün oksigen tələb olunur. Otaqda kifayət qədər hava olmadıqda, ventilyasiya və nəfəslik təmin edilmədikdə, yaxud tüstü bacası standartlara uyğun və işlək vəziyyətdə olmadıqda yanma prosesi pozulur. Bəzi hallarda tüstü bacası mövcud olsa da, nasaz və ya normativ tələblərə cavab vermədiyi üçün sovurma qabiliyyətini itirir ki, bu da yanma prosesini əngəlləyir. Məhz buna görə də məişətdə qaz cihazlarından istifadə zamanı bütün təhlükəsizlik tələblərinə ciddi şəkildə diqqət yetirilməsi həyati əhəmiyyət daşıyır".
Ayhan
11:39 27.01.2026
Oxunuş sayı: 529