Dəm qazı təhlükəsi: Bacaların təmizliyi həyati əhəmiyyət kəsb edir – Ekspert
Dəm qazı adətən kömür, taxta, qaz və digər yanacaq növlərinin tam yanmaması nəticəsində yaranan karbon monoksid (CO) tərkibli zəhərli qazdır. Rəngsiz, iy və dadı olmayan bu qaz insan tərəfindən vaxtında hiss edilmir. Nəticədə zəhərlənmə və boğulma halları xüsusilə evlərdə və qapalı məkanlarda geniş yayılıb. Karbon monoksid insan orqanizminə daxil olduqda hemoglobinlə birləşərək qanın oksigenlə təminatını pozur və həyati təhlükə yaradır. Dəm qazından boğulmanın başlıca səbəbləri isə düzgün havalandırmanın olmaması, köhnə və ya nasaz istilik cihazlarının istifadəsi və diqqətsizlikdir.
Belə təhlükənin aradan qaldırılması üçün Crossmedia.az-a təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, yay fəslinin başa çatması ilə əlaqədar havalar soyumağa başlayır və insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamin və digər qurğulardan istifadə gündəlik həyatımıza daxil olur: "Amma çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyinə çevrilən məsələ də var – tüslü bacaların vəziyyəti. Tüstü bacaları evin tüstüsünü çıxaran sadə bir hissə kimi görünə də, düzgün işləməyən baca insan həyatı üçün böyük təhlükə yaradır. Dəm qazı zəhərlənməsi, yanğın və digər faciələr məhz buradan başlayır. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəmqazı zəhərlənmə halları baş verir və çoxu ölümlə nəticələnir. Statistikaya görə, hər il onlarla insan məhz dəm qazı səbəbindən həyatını itirir. Hadisələrin böyük əksəriyyəti bacaların vaxtında təmizlənməməsi və texniki nasazlıq ucbatından baş verir. Çoxmənzilli binalarda isə bacaların və ventilasiya sistemlərinin təmizlənməsi mənzil kommunal təsərrüfatı idarələrinin və ya MTK-ların öhdəliyinə düşür, lakin işlər çox vaxt lazımı qaydada icra edilmir".

Ekspert bildirib ki, problemlərin əsas səbəbi bacaların köhnəlməsidir: "Sovet dövründə tikilmiş binalarda və köhnə fərdi evlərdə illərlə təmizlənməyən bacalar artıq yararsız vəziyyətə düşüb. Çatlar, qopmuş kərpəklər, tutulmuş kanallar dəmqazın evə dolmasına səbəb olur. Digər vacib məqam isə insanların qeyri-peşəkar müdaxiləsidir. Bacaları özləri təmizləməyə çalışan ev sahibləri əksinə təhlükəni artırırlar. Bacaların təmizlənməsi yalnız ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. Fərdi evlərdə bacaların işlək vəziyyətdə saxlanması ev sahibinin məsuliyyətindədir. Çoxmənzilli binalarda isə bu öhdəlik mənzil kommunal təsərrüfatı idarələri və MTK-ların üzərinə düşür. Lakin real vəziyyətdə vətəndaşlar kiminə müraciət etməli olduqlarını bilmir. Ona görə də dövlət səviyyəsində vahid qayda və xidmət sistemi yaradılmalıdır. Bacaların təmizliyi ilə yanaşı, dəmqazı detektorlarının istifadəsi həyati əhəmiyyət kəsb edir. Bu kiçik, sadə cihaz batareya ilə işləyir və qaz evdə toplanmağa başlayanda səs siqnalı verir. Avropa ölkələrində detektorların quraşdırılması məcburidir – Böyük Britaniya, Almaniya və Skandinaviya ölkələrində hər evdə qaz cihazı quraşdırıldıqda detektor da mövcuddur. Bu qanuni tələblər illərin təcrübəsindən sonra qəbul olunub və minlərlə insanın həyatını xilas edib. Təəssüf ki, Azərbaycanda bu praktika hələ geniş yayılmayıb".
O. Musayev vurğulayıb ki, bacaların təhlükəsizliyi yalnız texniki məsələ deyil, həyat və ölüm məsələsidir: "Hər il ölkəmizdə baş verən dəmqazı faciələrinin qarşısını almaq mümkündür. Bunun üçün hər bir vətəndaş məsuliyyətli olmalı, bacaların təmizlənməsinə və təhlükəsizlik tədbirlərinin vaxtında həyata keçirilməsinə diqqət yetirməlidir".
Mehriban Yariyeva
12:08 23.01.2026
Oxunuş sayı: 596