Yoluxucu xəstəliklər sürətlə artır - Həkim çağırış etdi
Son illərdə əhali arasında yoluxucu xəstəliklərin yayılma dinamikası ictimai səhiyyə baxımından ciddi narahatlıq doğurur. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin 11 ayı ərzində Azərbaycanda bəzi infeksion xəstəliklərə yoluxma hallarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. Xüsusilə suçiçəyi, brusellyoz, kəskin hepatit B və qoturluq xəstəlikləri üzrə göstəricilərin yüksəldiyi bildirilir. Bununla yanaşı, tənəffüs, həzm, qan dövranı və sinir sistemi xəstəlikləri əhali arasında üstünlük təşkil edib. Eyni zamanda viruslu hepatit A və C, skarlatina, QİÇS və bəzi bağırsaq infeksiyaları üzrə azalma tendensiyası müşahidə olunub, bir sıra ağır infeksiyalar isə ümumiyyətlə qeydə alınmayıb.
Mövzu ilə bağlı Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Crossmedia.az-a açıqlamasında bildirib ki, son dövrlər təkcə infeksion deyil, digər xəstəliklərin də sürətlə artması müşahidə olunur.

Həkimin sözlərinə görə, bu tendensiya birbaşa insan populyasiyasının artımı ilə bağlıdır: “İnsanların sayı artdıqca xəstəliklərin sayı da artır. Digər vacib məqam isə ondan ibarətdir ki, xəstəliklər getdikcə cavanlaşır. Hazırda statistikalarda adı çəkilən brusellyoz, suçiçəyi, hepatit və qoturluq kimi xəstəliklər bunu açıq şəkildə göstərir”.
F.Museyibov qeyd edib ki, suçiçəyi əsasən uşaqlar arasında geniş yayılmış xəstəlikdir və adətən qısa müddətdə müalicə olunur: “Bu xəstəlik bəzən bir-iki gün, maksimum bir həftə davam edir və müalicə ilə tamamilə sağalır. Lakin ilkin mərhələdə heç bir əlamət vermədiyi üçün diqqətdən qaça bilər”.
Brusellyoz xəstəliyi barədə də danışan həkim bildirib ki, bu infeksiya əsasən yoluxmuş heyvanlardan və ya pastörizə olunmamış süd və süd məhsullarından keçə bilər: “Xoşbəxtlikdən vaxtında aşkarlanacağı halda onların çoxu müalicə ilə sağalan xəstəlikdir. Qeyd edim ki, kəskin hepatit B də daha təhlükəli xəstəliklərdəndir. Hepatit B son illər insanlar arasında geniş yayılıb. Əsas səbəblərdən biri gigiyenik qaydalara əməl olunmamasıdır. Xüsusilə stomatoloji, ginekoloji prosedurlar zamanı və qan köçürülərkən steril qaydalara ciddi riayət olunmalıdır. “Bu xəstəlik vaxtında müalicə olunmazsa, ciddi fəsadlara, hətta qaraciyər xərçənginə səbəb ola bilər. Ona görə də insanlar aldıqları məhsullara, şəxsi gigiyenaya ciddi nəzarət etməlidirlər".
Qoturluq xəstəliyi barədə də danışan mütəxəssis vurğulayıb ki, bu xəstəliyin səbəbi tam dəqiqləşdirilməsə də, allergik mənşəli infeksion xəstəlik hesab olunur və müalicə ilə sağalır.
Mehriban Yariyeva
11:19 23.01.2026
Oxunuş sayı: 1614