Azərbaycan Avropanın yaşıl enerji körpüsünə çevrilir
Xəzər-Qara dəniz-Avropa marşrutu boyunca "yaşıl enerji"nin ixracı layihəsi çərçivəsində yaradılan Yaşıl Enerji Dəhlizi (GECO, Black Sea Energy) birgə müəssisəsi və "ACWA Power" yaxın aylarda birgə əməkdaşlıq planı hazırlayacaqlar.
Crossmedia.az xəbər verir ki, müvafiq razılaşma şirkətlərin onlayn görüşü zamanı əldə edilib.
Bundan başqa, görüş çərçivəsində əməkdaşlığın mümkün perspektiv istiqamətləri müzakirə olunub. Analoji danışıqlar Mərkəzi Asiya-Azərbaycan Transxəzər "yaşıl enerji" kabeli layihəsi çərçivəsində də aparılıb.
Xatırladaq ki, Xəzər-Qara dəniz-Avropa yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 25 iyul 2023-cü il tarixində Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.
Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox olacaq (1 115 km suyun altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.
Azərbaycanın günəş enerjisi sahəsində böyük potensiala malik olan Qazaxıstan və Özbəkistanla əməkdaşlıq çərçivəsində yaratdığı Mərkəzi Asiya-Azərbaycan enerji dəhlizi gələcəkdə Xəzər-Qara dəniz dəhlizi ilə əlaqələndirilə bilər ki, bu da Mərkəzi Asiyanın böyük regionlarının iki dəniz vasitəsilə Avropa ilə birləşdirilməsini təmin edəcək.
2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə "Xəzər yaşıl enerji dəhlizi" təşəbbüsünün birinci mərhələsinin başlanması barədə razılığa gəlib. Tərəflər üç ölkənin enerji sistemlərinin inteqrasiyasını və Avropaya bərpa olunan enerji tədarükü marşrutunun yaradılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair əməkdaşlıq sazişi imzalayıblar.
18:33 22.01.2026
Oxunuş sayı: 962