TURİSTLƏR BUNLARI BİLMƏLİDİR: qaydalar, anlayışlar dəyişir
Son illər turizm anlayışı köklü şəkildə dəyişməkdədir. Əvvəllər səyahət daha çox istirahət, əyləncə və klassik marşrutlar üzərindən planlaşdırılırdısa, bu gün turistlər daha fərqli gözləntilərlə yola çıxırlar. Artıq insanlar bir şəhəri yalnız gəzmək yox, onu hiss etmək, həmin bölgənin mədəniyyətinə toxunmaq, yerli həyatın içində olmaq və real təcrübə qazanmaq istəyirlər. Bu isə turizm bazarında yeni tələblər formalaşdırır və “standart paketlər” dövrünün tədricən arxa planda qalmasına səbəb olur.
Azərbaycan da bu dəyişən turizm xəritəsində diqqət çəkən ölkələrdən biridir. Zəngin tarixi, mədəni müxtəlifliyi, fərqli iqlim qurşaqları və həm təbiət, həm də şəhər turizmi üçün əlverişli coğrafiyası ölkəni yeni turizm istiqamətlərinə açıq bir məkana çevirir. Xüsusilə son illər turistlərin daha çox “az bilinən”, daha təbii və daha sakit məkanlara üstünlük verməsi bölgələrimizin potensialını artırır. Bir çox istiqamətlər hələ geniş auditoriyaya tanıdılmasa da, məhz bu xüsusiyyət onları daha cəlbedici edir.
Məhz bu səbəbdən Azərbaycanda gələcəkdə turistlərin maraq göstərəcəyi yerlər təkcə məşhur şəhərlər və ənənəvi istirahət zonaları ilə məhdudlaşmayacaq. Yeni dövrün turizmi daha çox kəşf, fərqlilik və yadda qalan təcrübələr üzərində qurulduğundan, ölkəmizdə hələ tam açılmamış imkanların ön plana çıxacağı gözlənilir.
Crossmedia.az-a açıqlamasında İş Adamları Cəmiyyətinin Milli Assosasiyasının üzvü Ceyhun Məmmədov turizmin daha çox təcrübə, mədəniyyət və fərdi maraqlara əsaslanan modellərə doğru transformasiya olunduğunu bildirib: "Müasir turizm trendləri göstərir ki, səyahət anlayışı tədricən klassik istirahət formatından çıxaraq, daha çox təcrübə, mədəniyyət və fərdi maraqlara əsaslanan modellərə doğru transformasiya olunur. Bu baxımdan Azərbaycan turizmi hələ tam reallaşdırılmamış geniş potensiala malikdir.

Xüsusilə Qərbi Azərbaycan irsi, regionların tarixi-mədəni zənginliyi, kənd və yaylaq mədəniyyəti, etno-turizm, eləcə də dağ kəndləri və təbiət marşrutları yaxın illərdə turistlərin maraq dairəsində önəmli yer tutacaq. Paralel olaraq, sağlamlıq və müalicəvi turizm istiqamətləri – Naftalan, Qalaaltı, İstisu və digər təbii resurslara malik bölgələr – beynəlxalq bazarda daha fəal şəkildə təqdim edilə bilər.
Bu trendlər yerli turizm şirkətləri üçün innovativ fəaliyyət imkanları yaradır. Artıq turizm məhsulları yalnız standart paketlər əsasında deyil, fərdiləşdirilmiş, tematik və rəqəmsal həllərlə zənginləşdirilmiş formatlarda formalaşdırılmalıdır".
C.Məmmədovun sözlərinə görə, qastronomik turizm, kənd həyatı təcrübəsi, ekoloji və mədəni marşrutlar kimi konseptlər həm daxili, həm də xarici turistlər üçün yüksək maraq potensialına malikdir: "Azərbaycanın əsas üstünlükləri onun coğrafi mövqeyi, mədəni müxtəlifliyi və zəngin tarixi irsidir. Bu resursların strateji yanaşma, peşəkar brendləşmə və effektiv kommunikasiya vasitəsilə təqdim olunması ölkəmizin regional və beynəlxalq turizm bazarında mövqeyini daha da gücləndirə bilər".
Fatimə Məmmədova
10:30 23.01.2026
Oxunuş sayı: 1325