Vəhşi heyvanlar kəndə hücum etdi: Əhali təşvişə düşdü
Şəkinin Baş Zəyzid kəndində son 15-20 gündür kənd sakinlərini narahat edən ardıcıl hadisələr yaşanır.
Crossmedia.az xəbər verir ki, naməlum bir yırtıcı gecə saatlarında həyətyanı sahələrə daxil olaraq ev quşlarına hücum edir və onları tələf edir.
İndiyədək kəndin müxtəlif məhəllələrində azı 20 ailəyə məxsus ümumilikdə 200-ə yaxın ev quşunun məhv edildiyi bildirilir.
Sakinlər bu hücumların meşəlik ərazidə yaşayan yırtıcı heyvanlar və ya sahibsiz itlər tərəfindən törədildiyini ehtimal edirlər.
Onlar kənddə vəziyyətin ciddi narahatlıq yaratdığını deyir və həm özlərinin, həm də təsərrüfatlarının təhlükəsizliyi üçün tədbir görülməsini istəyirlər.
Kənd əhalisi quduzluq ehtimalını da istisna etmir. Bu səbəbdən ərazidə sanitar-profilaktik tədbirlərin görülməsini, yırtıcı heyvanların kəndə yaxınlaşmasının qarşısının alınmasını və müvafiq qurumların məsələyə müdaxilə etməsini tələb edirlər. (Şəki Media)
20:07 21.01.2026
Oxunuş sayı: 876