DÜNYA ŞOKDA: Bu qablardan istifadə ÖLDÜRÜR
Son illər dünyada plastik su butulkaları və plastik qabların istifadəsi ilə bağlı müzakirələr daha da aktuallaşıb. Qonşu Gürcüstanda plastik su butulkalarının mərhələli şəkildə ləğv olunması ilə bağlı qərar bu mövzunu yenidən gündəmə gətirib. Qonşu ölkədə atılan bu addım ekoloji təhlükəsizlik və insan sağlamlığının qorunması baxımından vacib məsələ kimi qiymətləndirilir. Bu fonda Azərbaycanda da plastik məmulatlardan istifadənin nə dərəcədə təhlükəsiz olduğu, onların gündəlik həyatda yaratdığı risklər və alternativ imkanlar müzakirə olunur.
Bir tərəf plastik su butulkalarını və qabları daşınması asan, istifadəsi rahat vasitə kimi qəbul edir. Digər tərəf isə bu rahatlığın arxasında ciddi sağlamlıq və ekoloji təhlükələrin dayandığını düşünür.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən mütəxəssislər həyəcan təbili çalır, alternativ materiallara keçidin vacibliyini vurğulayırlar...
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova plastik butulkalarda, eləcə də plastik qablarda qidanın saxlanılmasının ekosistemi məhv etdiyini qeyd edib: "Buna görə də insanların rahatlığını təmin edən plastik qabların zərərləri barədə məlumat verildikdən sonra bir çox ölkələrdə bununla bağlı müəyyən tədbirlər görülür. Eləcə də ötən illərdə Azərbaycanda keçirilən COP29-da və ondan əvvəlki dövrlərdə keçirilən COP tədbirlərində bununla bağlı yeni layihələr təqdim olunmuşdur. Hətta Dubayda təqdim olunan COP28-də isti içkilərin plastik stəkanlarda deyil, birbaşa olaraq yeyilə bilən vafli tipli qida məhsullarından istifadə edilərək nazik, birdəfəlik, içki içildikdən sonra onların yeyilməsinin mümkün olduğu stəkanlar təqdim olunmuşdur ki , artıq Avropanın bir çox ölkələrində, eləcə də az sayda olsa da, Azərbaycanda bəzi kafe və qəhvə məkanlarında bu stəkanların istifadəsinə başlanılmışdır. Gürcüstanda da bununla bağlı artıq 2026-cı ildən bir çox xidmət sahələrində, xüsusilə də restoran və otellərdə, daşınması mümkün olmayan yerlərdə şüşə qablardan istifadə təklif olunacaq və plastik qablaşdırmada satılan içkilər qadağan ediləcək. Bu da həm insan sağlamlığı üçün riskləri azaldacaq, həm də ətraf mühitin qorunması baxımından önəmli məsələlərdəndir. Çünki plastik su butulkaları, xüsusilə stəkanlar daşınmaq üçün yüngül və rahat olsa da, sağlamlıq üçün bir çox fəsadlar yaradır. Belə ki, onların tərkibində kanserogen maddə olan bisfenol A mövcuddur. Eləcə də formaldehid qalıqları olur ki, bunlar suya və ya içkiyə təmas etdikdə, davamlı olaraq qəbul olunduqda ilk növbədə daxili orqanların, qaraciyərin və böyrəklərin funksiyalarını pozur, daha sonra isə hormonal pozuntulara səbəb olur. Hormonal pozuntular isə endokrin sistemin pozulmasına gətirib çıxarır və nəticədə bir çox sağlamlıq problemləri yaranır. Burada onun saxlanma şəraiti də çox önəmlidir. Çünki adətən günəş şüaları altında qaldıqda və ya isti şəkildə təqdim olunduqda plastik mikrohissəciklər daha sürətlə parçalanır, maddələr qidaya keçir. Ona görə də temperatur amili əsas şərtlərdəndir. Hətta soyuq şəkildə içilməsi nəzərdə tutulan içkilərin üzərində belə qeyd olunur ki, 5 dərəcədən 15 dərəcəyə qədər temperaturda saxlanmalıdır, bəzi hallarda isə plastikin quruluşuna görə bu göstərici dəyişir və 20 dərəcəyə qədər saxlanılması qeyd olunur. Azərbaycanda da bu istiqamətdə bir çox alternativ addımlar atılır".

Ekspert xatırladıb ki, bir neçə il öncə mikronu az olan polietilen paketlərin istehsalı və satışı qadağan olundu: "Mütəmadi olaraq satış yerlərində paketlərin pulsuz deyil, ödənişli şəkildə verilməsi tətbiq olundu və bu yolla lazımsız israfın qarşısı alındı. Eyni zamanda eko-çantaların istifadəsi də təklif olundu və artıq ölkənin bir çox yerlərində bundan istifadə edilir. Düşünürəm ki, zamanla bu yanaşma butulkalarda, eləcə də birdəfəlik istifadə olunan stəkanlarda özünü göstərəcək. Yaxşı olar ki, anlayışlı, düşüncəli və sağlamlığına dəyər verən istehlakçı olaraq, lazım olmadıqca plastik su butulkalarından istifadə etməsinlər. Xüsusilə də əgər oturub müəyyən vaxt ərzində kafe, restoran və ya otellərdə istifadə edəcəklərsə, mütləq şəkildə şüşə fincanlardan və şüşə qablardan istifadə etsinlər".
M.Hüseynovanın sözlərinə görə, daşınmaq üçün termoslardan da istifadə etmək olar ki, bunlar paslanmayan poladdan və digər faydalı materiallardan hazırlanır və birbaşa olaraq sağlamlığın qorunmasına kömək edir: "Bütün plastiklər eyni dərəcədə zərərli deyil. Bəziləri qida üçün yararlı hesab olunur və bunlar üzərində xüsusi işarələrlə göstərilir. Məsələn, HDP və ya 5 PP nisbətən təhlükəsiz sayılır və rəqəmlərlə də qeyd olunur. Ən riskli olanlar isə 3 və 7 nömrələri ilə göstərilənlərdir. Əgər üzərində 3 və ya 7 yazılıbsa, bu artıq yüksək riskli hesab olunur. Əgər 1 yazılıbsa və ya PET şəklindədirsə, bu mütləq yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulur.Bəzən insanlar bunu diqqətdən qaçırır və həmin qabların içində digər qida məhsullarını saxlayırlar ki, bu da çox zərərli hesab olunur. Ona görə də bu məqamlara mütləq diqqət yetirilməlidir".
Ekoloq İlqar Xəlilov da bu gün plastik məmulatlar problemi bütün dünyada aktual olduğunu qeyd edib: "Ekoloqlar XXI əsrin əvvəllərindən plastik məmulatların istifadəsinin zərərləri barədə həyacan təbili çalırlar. Plastik qablardan, su butulkalardan istifadə insan həyatı üçün çox təhlükəlidir. Plastik butulkalardan istifadə insan orqanizminə mikroplastiklərin daxil olmasına səbəb olur. Plastik qablardan istifadə də çox zərərlidir. İsti qida su ilə təmasda olarkən zərərli maddələrin insan orqanizminə qida ilə daxil olması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Plastik butulkaların ultrabənövşəyi şüaların təsiri altında parçalanması 100-500 ilə qədər vaxt aparır. Plastik torbalar da əhalinin əsas istifadə etdiyi məhsullar sırasına daxildir".

Ekoloq təklif edib ki, plastik torbalar kağız,parça və digər təbii tərkibli məhsullarla əvəz edilsin: "Ümumiyyətlə bütün plastik məmulatlar ətraf mühit və insan sağlamlığı üçün çox təhlükəlidir. Plastik qablardan istifadə Avropa Birliyi ölkələrində 2030-cu ildən etibarən istifadəsi məhdudlaşdırılacaq. Bu istiqamətdə işlər Azərbaycanda da başlamışdır. Məsələn, plastik torbaların ödənişli olması və s. Ümumiyyətlə tədricən Azərbaycanda da plastik məmulatların istehsalı və istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulur".
Fatimə Məmmədova
09:30 22.01.2026
Oxunuş sayı: 1331