Sürücülük vəsiqəsinə malik olmaq əvvəlki qədər arzuolunan deyil - SƏBƏBLƏR
Azərbaycanda sürücülük vəsiqəsi alan şəxslərin sayında ciddi azalma qeydə alınıb. Statistik göstəricilərə əsasən, 2025-ci ildə ölkə üzrə 153 261 nəfərə sürücülük vəsiqəsi verilib ki, bu da 2024-cü illə müqayisədə 2,3 dəfə azdır.
Statistikada azalma həm cinslər üzrə, həm də ümumi göstəricilərdə özünü göstərir. Belə ki, sürücülük vəsiqəsi alanların 103 311-i kişi, 49 950-si isə qadın olub və əvvəlki illə müqayisədə hər iki qrup üzrə nəzərəçarpacaq geriləmə müşahidə edilib
Mövcud dinamika barədə Crossmedia.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, əvvəllər insanların avtomobilə olan marağı yüksək idi: "Hər kəsin avtomobili olması, onu özü idarə etməsi adi bir hal sayılırdı. Lakin son dövrlərdə, xüsusən paytaxtda tıxacların artması və şəhər hərəkətinin çətinləşməsi insanlarda müəyyən dəyişikliklərə səbəb olub. Artıq avtomobil sahibi olmaq və sürücülük vəsiqəsinə malik olmaq əvvəlki qədər arzuolunan deyil. Çünki tıxaclar və hərəkətin çətinliyi sürücülük təcrübəsini diskomfortlu bir vəziyyətə çevirir. Bu səbəbdən insanlar daha çox ictimai nəqliyyata yönəlirlər".

Ekspert, həmçinin ailələrdə əvvəllər bir neçə avtomobil olurdusa, lakin indi ehtiyacın azalması və alternativlərin mövcudluğu nəzərə alınaraq bu sayın azaldığını bildirib: "Məsələn, əgər ailənin bir üzvü avtomobilə malikdirsə, digər üzvlər də onun vasitəsilə hərəkət edə bilirlər. Burada əsas məsələ insanların seçimidir və qanunvericilikdə dəyişiklikdən yox, şəhərdəki tıxac və hərəkət vəziyyətindən irəli gəlir. Hesab edirəm ki, bu tendensiya davam edəcək. Ümid edirəm ki, şəhərdə ictimai nəqliyyat daha da inkişaf edəcək, mövcud nöqsanlar aradan qalxacaq. Bu isə cəmiyyətimizin xeyrinədir".
Elmir Heydərli
15:08 19.01.2026
Oxunuş sayı: 1521