Həkim XƏBƏRDARLIĞI: Stress dəri xəstəliklərini ağırlaşdırır
Hazırda cəmiyyətdə bir çox insan stress və gündəlik gərginlikdən əziyyət çəkir. Bu gərginlik yalnız psixoloji vəziyyətə deyil, həm də fiziki sağlamlığa təsir edə bilər. Stress bəzi dəri xəstəliklərinin kəskinləşməsinə səbəb olur və mövcud problemləri daha da ağırlaşdırır. İnsanlar narahatlıq və əsəb gərginliyindən əziyyət çəkərkən, psoriaz, ekzema, akne, seboreya və saç tökülməsi kimi xəstəliklərin əlamətləri daha qabarıq və nəzərə çarpan olur.
Həkim-dermatoveneroloq Xəyalə Hüseynova Crossmedia.az-a açıqlamasında bildirib ki, yuxusuzluq və stress ayrıca olaraq heç bir dəri xəstəliyi yaratmır. Sadəcə olaraq, bir çox dəri xəstəliklərini qıcıqlandıra, təkanverici faktoru rolunu oynaya , xəstəliyi kəskinləşdirə və aqressivləşdirə bilir: "Məsələn, ən geniş yayılmış, genetik olan psoriaz xəstəliyi var ki, dərinin qabıqlanması, qıcıqlanması, qaşınması kimi əlamətlərlə özünü göstərir. Stressin təsirindən isə daha çox qıcıqlanır, həmçinin daha qabarıq hal ala bilir. Bundan əlavə, Ekzema xəstəliyi, saç tökülməsi, Seboreya, Akne, Allaergik övrə kimi xəstəliklər stressin təsirindən arta bilir".

"Əsəb və stress yüksək dərəcədə təsir edən, eyni zamanda dəri xəstəliyi olan insanlar dermatoloqla yanaşı mütləq nevroloqla əlaqa saxlamalı, 6 aydan bir isə dəri həkimində müayinədə olmalıdılar", - deyə həkim tövsiyələrini verib.
Ekzema (atopik dermatit) nədir?
Ekzema, yəni atopik dermatit, dəri xəstəliyidir və qızartı, qaşınma, şişlik və kiçik su topları (veziküllər) kimi əlamətlərlə özünü göstərir. Bu xəstəlik cəmiyyətdə ən çox rast gəlinən dəri problemlərindən biridir. Dəqiq səbəbi bilinməsə də, allergiya və stressin bu xəstəliyi yarada biləcəyi düşünülür.
Ən əsas simptomları qızartı və qaşınmadır. Dərinin quruluğundan qabıqlanma, səpkilər və çatlar da yarana bilər. Buna görə dəriyi qaşımamaq və kifayət qədər nəmləndirmək vacibdir.
Ekzema həm uşaqlarda, həm də yetkinlərdə yarana bilər, adətən əl və ayaqlarda görünür, lakin digər hissələrdə də ortaya çıxa bilər. Müalicəsi mümkündür, amma gecikdirmək olmaz, çünki dəridəki çatlar infeksiya riskini artırır.
Psoriaz, yəni sədəf xəstəliyi, dəri hüceyrələrinin normaldan sürətlə çoxalması nəticəsində qabarıq, pullu qırmızı ləkələr əmələ gətirən xroniki bir xəstəlikdir. Ən çox baş dərisi, diz, dirsək və gövdədə görünür, həmçinin dırnaqlara da təsir edə bilər. Xəstəliyin yaranmasında genetik meyl, stress, həyat tərzi, infeksiyalar və bəzi dərmanlar rol oynayır. Psoriaz ömür boyu davam edə bilər, simptomları qaşınma, qızartı, dəridə qabıqlanma və bəzən ağrı ilə müşahidə olunur.
Müalicəsi tam sağalma gətirməsə də, topikal kremlər, dərmanlar və fototerapiya vasitəsilə simptomlar nəzarət altına alınır. Stress və yanlış qidalanma xəstəliyi ağırlaşdırdığı üçün xəstələr sağlam həyat tərzinə diqqət etməli, lazımi həkim müayinələrini keçirməlidirlər. Psoriaz yoluxucu deyil, amma xəstənin həyat keyfiyyətinə və psixoloji vəziyyətinə təsir göstərə bilər, buna görə də müalicə zamanı həm də psixoloji dəstək vacibdir.
Fatimə Məmmədova
08:30 20.01.2026
Oxunuş sayı: 1646