Fransada Azərbaycan Dostları Assosiasiyasına yeni prezident seçilib
Fransanın paytaxtı Parisdə Azərbaycan Dostları Assosiasiyasının (ADA) illik Ümumi Yığıncağı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə ADA-nın 2025-ci ilin fəaliyyət hesabatı təqdim edilib.
İlin əsas məqamları sırasında Beynəlxalq Qadınlar Günü qeyd olunması, Parisdə Beynəlxalq Qastronomiya Günlərində iştirak, eləcə də Azərbaycan mədəni irsinin tanıdılmasına həsr olunmuş bir sıra tədbirlər, o cümlədən bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə ithaf edilən tədbir yer alıb.
Bundan başqa, ADA-nın təşəbbüsü ilə 2025-ci ilin martında Fransa–Azərbaycan münasibətlərinə və Qafqazda sülh məsələlərinə həsr olunmuş debat təşkil edilib, bu çərçivədə ikitərəfli perspektivlər və Azərbaycanın regional rolu müzakirə edilib.
Yığıncaqda 2026-cı il üçün nəzərdə tutulan layihələr təqdim olunub.
Ümumi Yığıncaqda İdarə Heyətinə keçirilən seçkilərdə on altı yeni üzv seçilib.
Jerom Begən üç il müddətinə assosiasiyanın prezidenti, Jerom Lambert (fəxri deputat), Hedva Ser (UNESCO-nun xoşməramlı səfiri), Pyer Tiloy (fransız bəstəkar) və Bricit Mansel vitse-prezident, Mirvari Fətəliyeva isə baş nümayəndə vəzifələrinə seçiliblər.(Report)

20:25 17.01.2026
Oxunuş sayı: 1148