TRİPP layihəsi türk dünyasını birləşdirir
Son illər regional və qlobal geosiyasi proseslərin dinamik xarakter alması Mərkəzi Asiya–Cənubi Qafqaz xəttində əməkdaşlıq formatlarının yenidən aktuallaşmasına səbəb olub. Bu kontekstdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə keçirdiyi görüş təkcə ikitərəfli münasibətlərin cari vəziyyətinin müzakirəsi baxımından deyil, həm də regionda formalaşmaqda olan yeni iqtisadi və siyasi arxitekturanın konturlarını anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Enerji, ticarət, regional bağlantılar, o cümlədən TRIPP marşrutu, eləcə də iqtisadi sərmayə məsələlərinin gündəmə gətirilməsi Qazaxıstan–Azərbaycan əməkdaşlığının sırf diplomatik çərçivəni aşaraq strateji tərəfdaşlıq müstəvisində dərinləşdiyini göstərir. Bu baxımdan sözügedən görüşün mahiyyəti və Qazaxıstanın regionda iqtisadi-siyasi proseslərdə hansı mövqedən çıxış edə biləcəyi məsələsi ayrıca təhlil tələb edir.
Məsələ ilə bağlı siyasi ekspert Vüsalə Gülmalıyeva Crossmedia.az-a açıqlama verib:
"Bu cür görüşlər ümumilikdə region üçün müsbət tendensiya kimi qiymətləndirilməlidir. Xüsusilə Azərbaycan ilə Qazaxıstan arasında enerji, ticarət, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın müzakirə olunması iki ölkənin strateji tərəfdaşlığının dərinləşdiyini göstərir.

Azərbaycanın postmüharibə dövründə, 2020-ci il Qarabağ müharibəsindən sonra regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşıb. Bu proseslər fonunda Qazaxıstan, eləcə də Özbəkistan və digər türk dövlətləri ilə əlaqələrin genişlənməsi ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə regionda sabitliyin və iqtisadi inteqrasiyanın güclənməsi baxımından da önəmlidir.
TRIPP marşrutunun müzakirəsi göstərir ki, söhbət təkcə Azərbaycan və ya Ermənistan üçün əhəmiyyətli olan bir layihədən getmir. Bu marşrut regionda yeni iqtisadi proseslərin yaranmasına, logistika və ticarət əlaqələrinin genişlənməsinə ciddi təsir göstərə bilər. ABŞ-nin özəl sektorunun bu proseslərə maraq göstərməsi də regionun geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını göstərir.
Qazaxıstan bu cür proseslərdə mühüm rol oynaya bilər. O, regionda həm iqtisadi aktor, həm də bağlantı yaradan ölkə kimi çıxış edərək, Orta Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın güclənməsinə töhfə verə bilər. Bu baxımdan sözügedən görüş regional əməkdaşlığın gələcəyi üçün əhəmiyyətli və müsbət bir addım kimi dəyərləndirilə bilər".
Ayhan
11:00 17.01.2026
Oxunuş sayı: 1842