Bu, hələ başlanğıcdır: Tramp Latın Amerikası ölkələrini diz çökdürəcək?
ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən hərbi əməliyyatla bağlı bəyanatla çıxış edib.
Onun sözlərinə görə, ABŞ qüvvələri Venesuelaya qarşı genişmiqyaslı zərbələri uğurla icra edib.
Tramp bildirib ki, Venesuela prezidenti Nikolas Maduro həyat yoldaşı ilə birlikdə saxlanılıb və ölkədən çıxarılıb. Əməliyyatın ABŞ-nin hüquq-mühafizə orqanları ilə birgə həyata keçirildiyi qeyd olunub.
ABŞ prezidenti əlavə edib ki, əməliyyatla bağlı ətraflı məlumat Mar-a-Laqoda keçiriləcək mətbuat konfransında açıqlanacaq.
Hazırda Donald Tramp Milad tətili ilə əlaqədar Florida ştatındadır. Onun bazar günü Vaşinqtona qayıtması gözlənilir.
ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi barədə Crossmedia.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Venesuelada baş verən hadisələr ABŞ-nin bu ölkənin zəngin neft ehtiyatlarına nəzarət etmək istəyi ilə birbaşa bağlıdır: "Faktiki olaraq, ABŞ rəhbərliyi Venesuelanın neft resurslarını ələ keçirmək məqsədilə müxtəlif siyasi və hərbi təşəbbüslərlə çıxış edir. Ehtimal olunur ki, bu proseslər, o cümlədən hərbi təzyiqlər davam edəcək və əsas məqsəd Maduro hakimiyyətini devirmək, onun yerinə ABŞ-yə sadiq yeni siyasi qüvvələri iqtidara gətirməkdir.
Doğrudur, Maduro ABŞ-nin tələbləri ilə müəyyən kompromislərə getməyə çalışır ki, hakimiyyətdə qala bilsin. Lakin bütün hallarda ABŞ-nin ona olan etimadı olduqca zəifdir. Çünki Venesuelada mövcud olan sosialist rejim hələ Uqo Çaves dövründən etibarən Çin və Rusiya ilə geniş siyasi və iqtisadi əlaqələr qurub. Çaves isə Fidel Kastrodan sonra Latın Amerikasında sosializm ideologiyasının əsas liderlərindən biri hesab olunurdu.
Fidel Kastronun siyasi səhnədən çəkilməsindən sonra Kuba rəhbərliyi Latın Amerikasında sosializmin liderliyi missiyasını faktiki olaraq Çavesə həvalə etmişdi. ABŞ-yə qarşı formalaşan regional siyasi xəttin əsas simalarından biri də məhz o idi. Maduro isə məlum olduğu kimi, Çavesin siyasi varisi sayılır və onun ideoloji kursunu davam etdirir".
O bildirib ki, ABŞ-nin Venesuela ilə qarşıdurmaya girməsində əsas məqsəd Latın Amerikasında SSRİ dövründən miras qalan sosialist sistemini zəiflətmək və ya tamamilə dağıtmaqdır: "Bu prosesin digər ölkələrə də sirayət edəcəyi ehtimalı yüksəkdir. Məhz buna görə Latın Amerikasındakı sosialist yönümlü liderlər ABŞ-nin bu təşəbbüslərinə ciddi şəkildə qarşı çıxırlar. Onlar yaxşı anlayırlar ki, Venesueladan sonra növbə öz ölkələrinə də çata bilər. ABŞ mərhələli şəkildə region ölkələrində özünə loyal hökumətlərin formalaşmasına çalışacaq. Bu isə həm xarici müdaxilə, həm də daxildən hərbi və ya siyasi çevrilişlər yolu ilə həyata keçirilə bilər. Nəticə etibarilə, ABŞ strategiyasının Maduro hakimiyyətinin devrilməsinə və Venesuelada Vaşinqtondan asılı, ona sadiq bir hökumətin qurulmasına yönəldiyi açıq şəkildə görünür".
14:28 03.01.2026
Oxunuş sayı: 10101