ABŞ-dən "əzələ nümayişi"- Çin və Rusiyaya xəbərdarlıq, yoxsa..?
ABŞ prezidenti Donald Trampın Hərbi Dəniz Qüvvələri üçün iki yeni, dünyanın ən böyük hərbi gəmisinin inşasına dair planları, ölkənin müdafiə strategiyasında prioritetlərin dəyişdiyini göstərir. Bu təşəbbüs həm qlobal güc balansında ABŞ-ın mövqeyini möhkəmləndirmək məqsədi daşıyır, həm də Sakit okean və digər strateji bölgələrdə artan hərbi gərginliklər fonunda ölkənin hərbi mövcudluğunu gücləndirməyə yönəlib. Trampın bu açıqlaması yalnız müdafiə sahəsində deyil, eləcə də geopolitik qarşıdurmalar fonunda maraq kəsb edir.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, bu ABŞ-ın gələcək hərbi strategiyasında bir sıra prioritet dəyişikliklərin işarəsi kimi qiymətləndirilə bilər:
“Trampın bu açıqlaması ilk növbədə ABŞ-nin dəniz qüvvələrinin rolunu gücləndirmək və strateji üstünlüyünü təmin etmək niyyətini göstərir. Ən böyük hərbi gəmilərin inşası həm nüvə daşıma qabiliyyətini artırmaq, həm də dənizdə hərbi mövcudluğu daha çevik və təsirli etmək məqsədini güdür. Bu, ABŞ-nin yaxın gələcəkdə dəniz əsaslı güc nümayişi və regionlarda rəqabət üstünlüyü yaratmaq strategiyasına fokuslandığını göstərir. Bu təşəbbüs həm də ABŞ-nin hibrid müharibə və yüksək texnologiyalı silah sistemlərinə yönəlmiş yeni strategiyaları ilə uzlaşır. Gəmi layihələri özündə yalnız kütləvi güc artımını ehtiva etmir, həm də dronlar, yüksək dəqiqlikli raketlər və sensor sistemləri ilə inteqrasiya olunmuş müasir dəniz platformalarını əhatə edir. Beləliklə, ABŞ dəniz qüvvələrini həm strateji, həm də texnoloji baxımdan gələcəkdə daha rəqabətqabiliyyətli etmək istəyir".
O, söyləyib ki, qlobal silahlanma yarışına təsir baxımından isə bu addım bir neçə nəticəyə malikdir: "İlk olaraq, böyük hərbi gəmilərin inşası digər nüfuzlu dövlətlər üçün rəqabət, habelə müqavimət siqnalıdır, xüsusilə də Çin və Rusiya kimi dənizdə güc nümayişi önəmli olan dövlətlər üçün bu keçərlidir. Bu hal gəmilərin texnologiya və ölçü baxımından rəqabətə girməsinə səbəb ola bilər, qlobal silahlanma yarışını sürətləndirə bilər. Eyni zamanda ABŞ-nin belə təşəbbüsləri müttəfiqlərdə strateji etibarlılıq və təhlükəsizlik təminatı təsiri yaradır. Çünki onların müdafiəsi üçün ABŞ-nin dəniz üstünlüyü olduqca vacib hesab olunur. NATO və digər tərəfdaşlarla əməkdaşlıq baxımından bu layihələr, koordinasiyalı müdafiə əməliyyatlarını daha effektiv etmək və birgə təhlükəsizlik şəbəkəsini gücləndirmək potensialına malikdir. Böyük, eləcə də müasir gəmilər həm simulyasiya imkanlarını artırır, həm də müttəfiqlərin dəniz üzərində strateji planlamasına dəstək verir. Eyni zamanda ABŞ-nin bu təşəbbüsü bəzi müttəfiqlərdə xərclərin və məsuliyyətlərin paylaşılması məsələsini gündəmə gətirə bilər, lakin uzunmüddətli perspektivdə NATO-nun kollektiv müdafiə qabiliyyətini gücləndirən element kimi çıxış edir. Bu baxımdan Trampın açıqlaması ABŞ-ın gələcək hərbi strategiyasında dəniz üstünlüyünü prioritetləşdirmə, hibrid və yüksək texnologiyalı hərbi gücə fokuslanma və müttəfiqlərlə əməkdaşlıq vasitəsilə strateji mövqeyi möhkəmləndirmə niyyətinin açıq göstəricisidir. Bu addım qlobal güc balansına təsir göstərir və silahlanma yarışının dəniz komponentini yenidən aktivləşdirir".
Aytac Kərimova
12:42 25.12.2025
Oxunuş sayı: 9660