Bərdə heyvan bazarı yenidən açıldı
Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı fəaliyyətə başlayıb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
AQTA tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin edilərək bazar yenidən qurulub.
Bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb.
Hazırda bir neçə heyvan bazarında da rekonstruksiya işləri aparılır. Göygöl, Göyçay və Salyan rayonlarında yerləşən heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirilməsi aparılıb. Yaxın günlərdə bu bazarların da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq.
Eyni zamanda Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarında yerləşən heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələri əsasında intensiv iş gedir. Belə ki, həmin heyvan bazarlarında AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq, rekonstruksiya işləri icra olunmaqdadır.
Qeyd edək ki, bu ilin oktyabrında AQTA, Daxili İşlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin və Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Monitorinq zamanı heyvanların saxlanma şəraiti, ticarət prosesi, baytarlıq nəzarətinin təşkili, eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin icra vəziyyəti qiymətləndirilib. Baxış zamanı heyvan sağlamlığına dair bir sıra tələblərin pozulduğu aşkarlanıb.
16:18 16.12.2025
Oxunuş sayı: 1148